Qlobal istiləşmə nəticəsində Yer kürəsində ildırım çaxmalarının sayı arta bilər. Münhen Texniki Universitetinin alimləri apardıqları araşdırmada bu qənaətə gəliblər.
Tədqiqatın nəticələri “Earth’s Future” elmi jurnalında dərc olunub.
Alimlərin fikrincə, iqlim dəyişiklikləri meşə yanğınlarına, elektrik xətlərinin və digər infrastruktur obyektlərinin zədələnməsinə səbəb olan təhlükəli ildırım boşalmalarının sayını artıracaq.
İstiləşmənin ildırım yaranmasına təsir mexanizmi hələ tam aydın deyil. Belə ki, temperaturun yüksəlməsi atmosferdə elektrik sahəsinin yaranmasında iştirak edən buz kristallarının sayını azaldır. Bununla yanaşı, istixana qazlarının yüksək emissiyası şəraitində ildırım çaxmalarının tezliyi əhəmiyyətli dərəcədə artır.
Alimlərin hazırladığı modelə əsasən, XX əsrdə ildırım boşalmalarının tezliyi 11 faiz yüksəlib. Bu, hər bir dərəcə istiləşməyə təxminən 12 faizlik artım deməkdir. İstixana qazı emissiyalarının çoxalması fonunda isə ildırım çaxmalarının sayı hər dərəcə istiləşməyə 30 faiz artıb.
Dəyişikliklərin ən çox yüksək enliklərdə müşahidə olunacağı gözlənilir. Hazırda ildırımın nisbətən az çaxdığı bu ərazilərdə artım daha nəzərəçarpan ola bilər. Məsələn, Alyaskada ildırım çaxmalarının sayının 116–594 faiz artacağı proqnozlaşdırılır.
Bununla belə, proqnozlaşdırma modelləri tufanların ilkin mərhələlərində, insanların daha həssas olduğu vaxtlarda ildırım çaxmalarının tezliyinin artıb-artmayacağını müəyyən etməyə imkan vermir.
Qeyd edək ki, qlobal istiləşmənin Moskvanın iqliminə də təsir edəcəyi bildirilir. Proqnozlara görə, yağışlar getdikcə daha çox intensiv leysanlarla əvəz olunacaq.