Yəməndə husilərin irəliləyişi: Ədən təhlükə altındadır

İranla müttəfiq olan Yəmən husiləri ölkənin beynəlxalq səviyyədə tanınan hökumətinin müvəqqəti paytaxtı Ədən şəhərinə 60 kilometrədək yaxınlaşıblar.

Yəmən ordusunun sözçüsü polkovnik Macid Abdullah Ən-Nuzayli bildirib ki, vəziyyət ciddi olsa da, şəhərin ələ keçirilməsi ilə bağlı yayılan xəbərlər şişirdilib.

Onun sözlərinə görə, iyul ayında döyüşlərin yenidən başlamasından sonra husilər bir sıra əraziləri ələ keçirərək irəliləyiblər. Buna cavab olaraq Səudiyyə Ərəbistanı husilərin mövqelərinə hava zərbələri endirib.

Ən-Nuzayli Ədəndə müdafiə tədbirlərinin gücləndirildiyini, əlavə qüvvələrin cəlb olunduğunu və şəhərin hökumətin nəzarətində qalacağını vurğulayıb.

O, husilərin yeni cəbhələr açmağa hazırlaşdığını və əsas məqsədlərinin Yəmənin neft-qaz ehtiyatlarını ələ keçirmək olduğunu bildirib.

Qeyd edək ki, döyüşlərin yenidən alovlanması nəticəsində yüz minlərlə yəmənli evlərini tərk etmək məcburiyyətində qalıb.