Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşı Eldur Hüseynov gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün baxışa dəvət olunublar.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilib.
Qeyd olunub ki, gömrük baxışı zamanı Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları nəzarətə təqdim etməkdən imtina edib, gömrük proseduruna mane olub və kəskin aqressiv davranış nümayiş etdirib.
Məlumata görə, yaranmış vəziyyət əşyaların yoxlanılması və eyniləşdirilməsini çətinləşdirdiyindən gömrük nəzarətinin gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar başqa nəzarət zonasına yönləndirilib.
Vətəndaşın etik davranış qaydalarını pozması ilə bağlı akt tərtib edilərək hüquq-mühafizə orqanlarına müraciət olunub. Həmçinin Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib, məsələ müzakirə edilib və ona gömrük qaydaları izah olunub.
Əldə edilən məlumata görə, hüquqazidd hərəkətlər törətməkdə şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb və barələrində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.