Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə İdarənin məlumatında qeyd olunub.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
“Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcəyi təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə və manevretmə zamanı ehtiyatlı olmalıdırlar.
Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - deyə müraciətdə qeyd edilib.