Mərkəzi Bankdan maliyyə sektoru ilə bağlı mühüm mesajlar

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 10-cu Beynəlxalq Bankçılıq Forumunda açılış nitqi ilə çıxış edib.

O, çıxışında maliyyə sektorunun inkişaf tendensiyalarından, qarşıda duran əsas çağırışlardan və Mərkəzi Bankın növbəti dövr üçün strateji prioritetlərindən danışıb.

Əliyar Məmmədyarov sürətli texnoloji transformasiya şəraitində innovasiyaların təşviqi ilə maliyyə sabitliyinin qorunması arasında düzgün balansın təmin edilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.

O, həmçinin bank sektorunun dayanıqlı inkişafında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib. Forumun mövcud tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və ortaq maraqlara xidmət edən yeni təşəbbüslərin təşviqinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, “Etibarlı, təhlükəsiz və davamlı bankçılıq” mövzusuna həsr olunan forum Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türk Dövlətləri Banklar Assosiasiyaları Şurası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin banklar assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunub.

İki gün davam edəcək tədbir dövlət qurumlarının, tənzimləyici orqanların, kommersiya banklarının, fintex şirkətlərinin, eləcə də dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilir.