Hazırda dünyanın 16 ölkəsi Azərbaycandan təbii qaz alır. Onlardan 10-u Avropa İttifaqına üzv ölkələrdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji layihələri yalnız iki ölkə üçün deyil, daha geniş coğrafiyanın enerji təchizatı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bayramov qeyd edib ki, bu layihələr arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri xüsusi yer tutur. Onun sözlərinə görə, bu kəmər vasitəsilə Azərbaycan nefti çoxsaylı ölkələrə, o cümlədən Avropa bazarlarına çatdırılır.
Bayramov bildirib ki, 2020-ci ilin sonunda tamamlanan Cənub Qaz Dəhlizi vasitəsilə 2021-ci ildən Azərbaycan qazının Avropa bazarına nəqli başlanıb. İlkin mərhələdə İtaliya, Yunanıstan və Bolqarıstana qaz tədarükü həyata keçirilib, sonradan interkonnektorlar vasitəsilə digər Avropa ölkələri də bu təchizata qoşulub.
O, bu ilin əvvəlindən Almaniya və Avstriyanın da Azərbaycan qazı alan ölkələr sırasına daxil olduğunu diqqətə çatdırıb.
Nazir enerji əməkdaşlığının yeni istiqaməti kimi alternativ və bərpaolunan enerji layihələrini də qeyd edib. Bildirib ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanan dördtərəfli sənəd çərçivəsində yaşıl enerjinin ixracı nəzərdə tutulur.
Bayramov, həmçinin Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Layihə çərçivəsində Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi, enerjinin Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər Avropa ölkələrinə ötürülməsi planlaşdırılır.
Nazir bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb və ilkin qiymətləndirmələr onun maliyyə baxımından əlverişli olduğunu göstərir. O əlavə edib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə həyata keçirilən enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.