Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!

Soyuq havada isti qəhvə içmək boğazın selikli qişasını quruda, qıcıqlandıra və onu infeksiyalara qarşı daha həssas edə bilər.

Publika.az-a istinadən, bunu otorinolarinqoloq Yekaterina Krasnoşeyeva bildirib.

Həkimin sözlərinə görə, kəskin soyuq udlağın selikli qişasındakı damarları daraldaraq qan dövranını zəiflədir. Çox isti içkilər isə səthi hüceyrələrin zədələnməsinə səbəb ola bilər. Temperaturun tez-tez dəyişməsi selikli qişanı qıcıqlandırır və qurudur.

Mütəxəssis bildirib ki, temperaturu 65 dərəcədən yüksək olan içkilər ağız boşluğunun, udlağın, hətta qida borusunun selikli qişasında yanıq yarada bilər.

Belə zədələnmənin əsas əlamətləri nəfəs almaqda çətinlik, yanma və keyimə hissi, dilin, damağın və dodaqların qabıqlanması, udqunma zamanı ağrı və boğazda düyün hissidir.

Həkim soyuq havada qəhvənin 40-50 dərəcə temperaturda içilməsini tövsiyə edib.