Uşaqların qidalanmasında duz və kalsium balansına diqqət yetirmək vacibdir. Həddindən artıq duz istehlakı, eləcə də kalsium çatışmazlığı onların sağlamlığına mənfi təsir göstərə bilər.
Bu barədə Yaponiyanın Tokio Universitetinin Tibb fakültəsinin sosial və profilaktik epidemiologiya professoru Kentaro Murakami danışıb.
Alimin sözlərinə görə, Yaponiyada məktəb yaşlı uşaqların 97-100 faizinin gündəlik duz istehlakı tövsiyə olunan normadan artıqdır. Araşdırmalar zamanı uşaqlarda kalsium çatışmazlığının da geniş yayıldığı müəyyən edilib. Müxtəlif yaş və cins qruplarını əhatə edən tədqiqatda kalsium ehtiyacını qarşılaya bilməyənlərin göstəricisi 29-88 faiz arasında dəyişib.
Türkiyədə də duz istehlakının yüksək olması narahatlıq doğurur. Səhiyyə Nazirliyinin Türkiyə Qidalanma və Sağlamlıq Araşdırmasının nəticələrinə əsasən, ölkədə adambaşına gündəlik duz istehlakı 10,2 qrama çatır. Bu isə böyüklər üçün tövsiyə olunan həddən təxminən iki dəfə çoxdur.
Mütəxəssislər uşaqların qidalanmasında müxtəlifliyə diqqət yetirməyi, menyuda karbohidrat, zülal, tərəvəz və süd məhsullarına yer verməyi tövsiyə edirlər. Duzun miqdarının azaldılması, vitamin və mineral ehtiyaclarının qarşılanması da mühüm əhəmiyyət daşıyır.
Yaponiyada məktəblərdə yemək saatları da maarifləndirmənin bir hissəsi hesab olunur. Şagirdlər yeməklərini özləri süfrəyə çəkir, sinif yoldaşları ilə birlikdə yeyir və sağlam qidalanma vərdişlərini öyrənirlər. “Şokuiku” adlanan bu yanaşma qida mədəniyyətinin uşaqlara erkən yaşlardan aşılanmasını nəzərdə tutur.
Professor Kentaro Murakami vurğulayıb ki, hər hansı qidanı ayrıca sağlam və ya zərərli hesab etməkdənsə, ümumi qidalanma rejimini qiymətləndirmək lazımdır.