Culfa şəhərində 29 çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ətraf ərazilərin abadlaşdırılması ilə bağlı layihə-smeta sənədləri hazırlanacaq.
Bu məqsədlə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 574 min manat dəyərində layihələndirmə işlərinin satın alınması nəzərdə tutulur.
Layihə çərçivəsində Heydər Əliyev prospekti, Şəhid Əliqulu, Şah İsmayıl Xətai və digər küçələrdəki binaların dam örtüklərinin, fasadlarının və giriş bloklarının əsaslı təmiri, eləcə də ətraf ərazilərin abadlaşdırılması üzrə texniki sənədlər hazırlanmalıdır.
Layihənin həyata keçirilməsi Culfa şəhərində çoxmənzilli yaşayış binalarının fiziki vəziyyətinin yaxşılaşdırılması, sakinlərin daha təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunması baxımından əhəmiyyətlidir. Dam örtüklərinin və fasadların yenilənməsi binaların istismar müddətinin uzadılmasına, mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsi isə gələcək təmir zamanı problemlərin kompleks şəkildə aradan qaldırılmasına imkan yaradacaq.