Fridrix Merz: Avropa Baltik dənizində gərginliyin artmasında maraqlı deyil

Avropa ölkələri Baltik dənizi regionunda vəziyyətin gərginləşməsində maraqlı deyil.

Bunu Almaniya Kansleri Fridrix Merz Berlində NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

“Biz hamımız Baltik dənizi regionunda eskalasiyanın baş verməsində maraqlı deyilik. Bu məkanın sabitliyi və təhlükəsizliyi böyük əhəmiyyət daşıyır”, – deyə Merz vurğulayıb.

Kansler xüsusilə dənizdə sərbəst gəmiçiliyin təhlükə altına düşməməsinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Merz bildirib ki, müzakirələr yalnız Polşa və Cənubi Avropa ölkələrinin sərhədlərini deyil, Finlandiyanın təhlükəsizliyini də əhatə edəcək.