2027-ci ildə Avropa daxilində aviabiletlərin qiymətində ciddi artım gözlənilmir. Yeni proqnoza əsasən, ekonom sinif biletlərin qiyməti 0,3-0,4 faiz, premium ekonom sinif biletlərin qiyməti isə 0,9-1,1 faiz arta bilər. Biznes sinif biletlərin qiymətində isə cüzi azalma ehtimalı var.
Sfera.az bildirir ki,bu barədə American Express Global Business Travel (Amex GBT) şirkətinin hazırladığı “Air Monitor 2027” hesabatında bildirilib.
Proqnozlar aviasiya sektorunda yanacağın bahalaşması ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. ABŞ və İsrailin İrana hücumundan sonra neft qiymətlərinin yüksəlməsi aviaşirkətlərin xərclərinə də təsir göstərib. Bəzi aviasiya rəhbərləri 2027-ci ildə Avropada aviabiletlərin tarixdə ən böyük bahalaşmasının yaşana biləcəyini proqnozlaşdırırlar.
Lakin Amex GBT-nin hesabatı Avropa daxilində qiymətlərin əsasən sabit qalacağını göstərir. Hesabatda iki ssenari üzrə proqnoz verilib. Aşağı göstəricilər Beynəlxalq Valyuta Fondunun 2027-ci il üçün nəzərdə tutduğu 4,1 faizlik qlobal inflyasiya proqnozunun reallaşması şərtinə əsaslanır.
Avropadan digər istiqamətlərə uçuşlar bahalaşacaq?
Hesabata əsasən, Avropadan Asiyaya uçuşlarda ekonom sinif biletlərin qiyməti 0,3-0,4 faiz arta bilər. Premium ekonom sinifdə qiymətlərin dəyişməyəcəyi və ya 0,1 faiz azalacağı, biznes sinifdə isə 2,2-2,8 faiz bahalaşma olacağı gözlənilir.
Şimali Amerikaya uçuşlarda artım daha nəzərəçarpan ola bilər. Ekonom sinif biletlər 0,6-0,8 faiz, premium ekonom 1,5-1,9 faiz, biznes sinif isə 3,4-4,3 faiz bahalaşa bilər.
Cənubi Amerika istiqamətində ekonom sinif biletlərin 1,8-2,3 faiz, premium ekonomun 0,6-0,8 faiz, biznes sinfinin isə 2-2,5 faiz bahalaşacağı proqnozlaşdırılır.
Afrikaya uçuşlarda ekonom sinif biletlərin 0,6-0,8 faiz, biznes sinif biletlərin isə 2,2-2,8 faiz artacağı gözlənilir.
Avstraliyaya səyahət etməyi planlaşdıranlar üçün isə fərqli mənzərə proqnozlaşdırılır. Aşağı ssenariyə əsasən, ekonom sinif biletlər 3,9 faiz ucuzlaşa bilər. Yuxarı ssenaridə isə 1 faiz bahalaşma ehtimalı var. Premium ekonom biletlərin 2,2-2,8 faiz, biznes sinfinin isə 2,1-2,6 faiz artacağı gözlənilir.
Yaxın Şərq istiqamətində isə ekonom sinif biletlərin 1,4-1,8 faiz, premium ekonomun 1-1,3 faiz, biznes sinfinin isə 1,5-1,9 faiz bahalaşacağı ehtimal olunur.
Qeyd edək ki, illik proqnozlar Amex GBT-nin aviadaşımalarla bağlı məlumatları əsasında hazırlanıb. Hesablamalarda ümumi daxili məhsul, inflyasiya və mövsümi dəyişikliklər kimi amillər də nəzərə alınıb.