Azərbaycanın gözlədiyi dəyişiklik – İrəvanda siyasi toqquşma başladı…

Ermənistanda yeni Konstitusiyanın preambulası ətrafında hakimiyyətlə müxalifət arasında fikir ayrılığı yaranıb.

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifətin yeni Konstitusiyanın təklif olunan mətninə etirazını sərt tənqid edib.

Rubinyan bildirib ki, müxalifət Konstitusiyanın yeni mətninə, xüsusilə də onun preambulasına qarşı çıxır. O, müxalifət nümayəndələrini konkret olaraq hansı müddəalarla razılaşmadıqlarını açıqlamağa çağırıb.

Yeni Konstitusiyanın təklif olunan preambulasında deyilir:

“Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin əbədiliyi və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz, firavan dövlət qurmaq missiyasını və bu dövləti nəsildən-nəslə ötürmək öhdəliyini rəhbər tutaraq Ermənistan Respublikasının Konstitusiyasını qəbul edirik.

Konstitusiya Ermənistan Respublikasının daxili və xarici münasibətlərinin əsas prinsiplərinə dair kollektiv razılaşmamızdır”.

Rubinyan müxalifətə müraciət edərək bildirib:

“İndi rəqiblərimiz konkret olaraq nəyə qarşı çıxdıqlarını izah etməlidirlər. Məsələn, onlar Ermənistan xalqının dövlətçiliyimizin davamlılığı və inkişafı naminə beynəlxalq səviyyədə tanınmış ərazimizdə müstəqil, dinc, təhlükəsiz və firavan dövlət qurmaq missiyasını rəhbər tutmasına qarşıdırlar? Yoxsa bu dövlətin nəsildən-nəslə ötürülməsi öhdəliyinə etiraz edirlər?”

Parlamentin spikeri müxalifətin mövqeyini daha sərt ifadələrlə tənqid edib:

“Onlar azad, müstəqil, dinc, təhlükəsiz və firavan dövlətə qarşıdırlar? Dövlətin nəsildən-nəslə ötürülməsinə qarşıdırlar? Yoxsa bütün bunların beynəlxalq səviyyədə tanınmış ərazimizdə həyata keçirilməsinə etiraz edirlər?”

Rubinyan hesab edir ki, müxalifət bu müddəalara qarşı çıxırsa, bunu açıq şəkildə bəyan etməlidir.

“Əgər belədirsə, qoy açıq desinlər. Amma onu da açıq söyləsinlər ki, münaqişənin sonsuza qədər davam etməsini istəyirlər. Çünki onlar Ermənistanın sülh yolu ilə getməməli olduğunu düşünürlər. Əgər belədirsə, qoy bunu desinlər”, – o vurğulayıb.\\Musavat.com\\