Bu insanlar heç vaxt səhvlərini boyunlarına almırlar

Özünəinamı az olan insanlardan üzr istəməyi gözləmək hər zaman doğru olmaya bilər. Çünki onlar üçün hətta kiçik bir səhv belə şəxsiyyətlərinə və nüfuzlarına zərbə kimi görünə bilər.

Sfera.az bildirir ki, bu barədə psixoloq və psixi sağlamlıq mütəxəssisi Yuliya Buzınnikova News.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, belə davranışın kökündə uşaqlıq təcrübələri dayana bilər. Belə ki, həmin insanların valideynləri öz səhvlərini etiraf etməyib və uşağa da yanlışını qəbul etməyin normal olduğunu öyrətməyib.

Nəticədə insan səhv etdikdə üzr istəmək əvəzinə özünü müdafiə etməyə, zarafatla vəziyyətdən yayınmağa və ya günahı başqasının üzərinə atmağa çalışır.

Psixoloq qeyd edib ki, üzr istəməyə məcbur etmək qarşı tərəfin daha da qapanmasına səbəb ola bilər. Kənardan laqeydlik kimi görünən bu davranışın arxasında çox vaxt utanc, nüfuzunu itirmək qorxusu və üzr istəməyi məğlubiyyət kimi qəbul etmək dayanır.

Buzınnikovanın fikrincə, digər problem günahkarlıq hissi ilə məsuliyyətin qarışdırılmasıdır. Bəzi insanlar üzr istədikləri halda baş verən hadisənin bütün günahını öz üzərlərinə götürəcəklərindən qorxurlar.

Mütəxəssis vurğulayıb ki, özünəinamı zəif olan insanlarda müdafiə reaksiyası bəzən vəziyyəti düzgün qiymətləndirməyə imkan vermədən işə düşür.