"Ermənistanın yeni Konstitusiya layihəsi gözlənildiyi kimi, cəmiyyətə və ictimai müzakirəyə təqdim olunub. Həmin layihədə Müstəqillik Bəyannaməsinə istinadın və qondarma soyqırımı iddialarının çıxarılması sülh gündəliyinin və normallaşma istiqamətində mövcud baryerin aradan qaldırılması deməkdir".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov qeyd etdi.
"Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Yeni layihədə Ermənistanın Baş naziri Nikol Paşinyanın səlahiyyətləri azaldılıb, müxalifətə məhkəmə-hüquq sistemində və idarəetmədə kvotalar müəyyənləşdirilib. Təbii ki, cəmiyyətdən gələn təkliflərin olacağı da istisna edilmir. Lakin bununla belə, layihənin referendumla qəbul etdirilməsi bir qədər çətin olacaq. Çünki həm daxili faktorlar – revanşist və ideoloji çirklənməyə məruz qalmış bəzi kəsimlər, həm də xarici faktorlar buna mane olmağa çalışacaqlar. Xüsusən də Moskva və Tehran regionda davamlı və institusional sülhə qarşı çıxıblar və eyni siyasi xətti davam etdirirlər", - deyə o bildirdi.
Müsahibimizin sözlərinə görə, İrəvan anlayır ki, hər ötən gün onun ziyanına işləyir, Rusiyadan asılılığını və təzyiqlərini artırır, dünyaya açılmasına mane olur:
"Blokadanın tam aradan qaldırılmasında sıxıntılar var. Ona görə də yekun sülh sazişinə gedən sonuncu əngəli də aradan götürməklə Ermənistanın gələcəyini və təhlükəsizliyini təminat altına almış olur. Paşinyan bununla həm də seçicilərə verdiyi vədi yerinə yetirməyə çalışır. Onun seçki dönəmində xalqa təqdim etdiyi konsepsiya real Ermənistan və rifah halının yaxşılaşdırılması üzərində qurulmuşdu".
Əli Orucov yeni Konstitusiya layihəsinin qəbul olunacağını düşündüyünü bildirərək bunun səbəblərini də açıqladı:
"Çünki erməni xalqı sonu görünməyən qeyri-müəyyənlikdə, özünü təcrid və "nə sülh, nə müharibə" şəraitində yaşamağı, məncə, qəbul etməz. Doğrudur, praktik olaraq Ermənistanla Azərbaycan arasında sülh yaranıb, kövrək də olsa, qarşılıqlı etimad var, əlaqələrin bərpası ilə bağlı da işlər görülür. Lakin bütün bunların davam etdirilməsi və genişləndirilməsi üçün sülh sazişi imzalanmalıdır. Hesab edirəm ki, Ermənistan bunu tezləşdirmək üçün lazımi addımları atmalıdır və bunun ən vacibi Konstitusiya dəyişikliyidir".