İranı xilas etmək istəyən Məsud Pezeşkiandan ayrıseçkiliyə etiraz – sensasion fikirlər

Vaxtaşırı sensasion açıqlama və etirafları ilə diqqət mərkəzinə gələn İran Prezidenti Məsud Pezeşkian bu dəfə bölgələrin inkişafı üçün vəsaitin bölüşdürülməsində və işçilərə ödəniş sistemində ədalətsizliyin olduğunu bildirib. Musavat.com Günaz.tv-yə istinadən bildirir ki, Pezeşkian bu barədə İranın kapital bazarına həsr olunmuş illik konfransda danışıb. “Pul əyalətlərdən gəlir və Tehrana ayrılır. Pulun əyalətlərdən gəlməsi, inkişafın isə Tehranda baş verməsi məntiqlidirmi? Tehranda malların qiymətlərini sabit saxlayırıq, amma ucqar ərazilərdə inflyasiya əyalət mərkəzlərindəkindən daha yüksəkdir. Nəticədə insanlar həmin əraziləri tərk edib Tehran, Təbriz və Məşhədin kənarlarında məskunlaşırlar”, – o deyib.

İran prezidenti daha sonra deyib: “İnsanların davranışını vəsaitin necə bölüşdürülməsi və ödəniş mexanizmi müəyyən edir. Bu siyasəti biz müəyyənləşdiririk və burada ədalət diqqətdən kənarda qalıb. Həm işçilərə ödəniş sistemində, həm də bölgələrin inkişafı üçün vəsaitin ayrılmasında ədalətsizlik görürük. Bu məsələlər üzərində işləməli, ədalətin və inkişafın təmin olunması üçün düzgün plan qurmalıyıq”.

Pezeşkian hökumətin sahibkarların fəaliyyətinə mane olan qaydaları dəyişməyə hazır olduğunu da bildirib: “Qanun və qaydalarla bağlı bir-birimizlə danışmalı, əl-ələ verməliyik. Hökumət olaraq qarşınızdakı maneələri aradan qaldırmağa çalışırıq. Ehtiyac olan sahələrdə bazar, istehsal və sahibkarlar üçün problem yaradan qaydaları dəyişməyə və ya ləğv etməyə hazırıq. Bu işdə Ticarət Palatası və istehsalçılarla birgə işləyəcəyik”.

Bundan əvvəl də İran prezidenti Məsud Pezeşkian şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar vermişdi. O, prezident olmasına baxmayaraq, evində istilik cihazlarını yandırmadığını və gecələr gödəkçə ilə yatdığını demişdi. Pezeşkian Tehran Universitetində tələbələrlə görüş zamanı ölkədə enerji istehlakının azaldılmasının vacibliyindən bəhs etmişdi. “Mən sizin evlərinizdə yatdığınız kimi yatmıram. Prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir istilik cihazını yandırmıram. İstəyən hər kəsi elə indi evimə aparıb necə yaşadığımı göstərə bilərəm”, – Məsud Pezeşkian bildirib.

Bundan əlavə, İran prezidenti vətəndaşları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməyə çağırıb. Onun sözlərinə görə, yaşayış və iş yerlərində temperaturun bir neçə dərəcə aşağı salınması ölkənin qış mövsümünü daha rahat keçirməsinə kömək edə bilər. Pezeşkian bildirib ki, hökumət qış aylarında enerji çatışmazlığı səbəbindən sənaye müəssisələrinin fəaliyyətinin dayanmasının qarşısını almağa çalışır. O, istehsalın dayanmasının bahalaşmaya, işsizliyə və digər iqtisadi problemlərə səbəb ola biləcəyini vurğulayıb.

Bundan sonra İran telekanallarından biri M.Pezeşkianın kabinetindən görüntülər paylaşıb. Məlum olub ki, nəhəng enerji ehtiyatlarına, zəngin sərvətlərə malik ölkənin prezidenti kabinetində də işıqları söndürür və yalnız yazı masasındakı masaüstü işığı yanılı saxlayaraq işləyir. Həmçinin, bir sıra İran rəsmiləri də əhaliyə qənaətli rejimə keçidlə bağlı məsləhətlər verirlər. Ölkənin bir sıra bölgələrində çörək növbələrinin yarandığı barədə də xəbərlər yayılıb. Beləliklə, müharibə şəraiti və sanksiyaları İran daxilində sosial-iqtisadi vəziyyəti iflic edib. İranı mövcud durumda fəlakətlərin girdabından xilas etmək istəyən M.Pezeşkianın etirazları nə ilə nəticələnə bilər? Sözü eşidilməyən prezident hara qədər səbr edəcək? İran bu vəziyyətdə qışdan sağ çıxa biləcəkmi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlaması zamanı bildirib ki, İran prezidenti Məsud Pezeşkian ölkədəki real vəziyyət haqqında dəqiq məlumata malikdir, çünki dövlət başçısıdır: “Ara-sıra mesajlarını da çatdırır həm cəmiyyətə, həm də mühafizəkar dairələrə ki, onun qərarlarına təsir edirlər. Vəziyyət gərgindir, ağırdır. İqtisadiyyatda ciddi problemlər var. İşıq, elektriklə bağlı problem var, inflyasiya ilə, maliyyə məsələləri ilə. Yəni bir növ mühafizəkarları xəbərdar edir ki, müvafiq tədbirlər aparılmasa, bu qış və ya sonrakı illər çox çətin olacaq”. E.Şahinoğlu cənub qonşumuzda vəziyyətin kritikliyindən bəhs etdi: “Həqiqətən İranda inflyasiya xeyli dərinləşib, pul dəyərdən düşür. Müharibələr nəticəsində sənaye müəssisələrinin bir çoxunda da işlər azalıb, dayanıb, işsizlik artır. Bütün bu problemləri də prezident həll eləməlidir, məsuliyyət onun boynundadır. Amma pullar hara xərclənir? Daha çox hərbi xərclər artır, yeni ballistik raketlər istehsal olunur. Müxtəlif ölkələrdəki proksi qüvvələrə dəstək verilir. Yəni bu maliyyə kənar işlərə, kənar xərclərə yönəldikcə ölkədaxili məsələlər də həll olunmur, 92 milyonluq əhalinin problemlərini də Pezeşkian işıqlandırır, amma Pezeşkian heç nə də edə bilmir, yəni real durumu dəyişə bilmir”.

E.Paşasoy,