ABŞ-nin Vaşinqton ştatında insanlar arasında A(H5) quş qripi virusuna laboratoriya şəraitində təsdiqlənmiş 3 yoluxma halı qeydə alınıb, xəstələrdən biri dünyasını dəyişib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, ABŞ hakimiyyəti oktyabrın 16-dan noyabrın 4-dək olan müddətdə baş vermiş yoluxma faktları ilə bağlı ÜST-ü məlumatlandırıb. Qeyd olunub ki, bu, yoluxmuş mal-qara və ya onunla əlaqəli mühitlə təmas nəticəsində insan ölümü ilə nəticələnən ilk hadisədir.
Xəstələnən hər üç şəxs daha əvvəl iribuynuzlu mal-qarada yüksək patogenli A(H5N1) quş qripi virusunun aşkarlandığı Yakima dairəsindəki süd fermalarının əməkdaşlarıdır.
Hazırda mütəxəssislər yoluxma şəraitini araşdırır və xəstələrlə təmasda olan şəxslərin müayinəsini davam etdirirlər. Virusun insandan insana ötürülməsinə dair hələlik heç bir sübut aşkar edilməyib.
ÜST ümumi əhali üçün A(H5N1) virusuna yoluxma riskini aşağı, peşə fəaliyyəti ilə əlaqədar virusla təmasda olan şəxslər üçün isə aşağı və ya mülayim səviyyədə qiymətləndirir. Təşkilatdan vurğulanıb ki, yeni məlumatlar əldə olunduqca risklərin qiymətləndirilməsinə yenidən baxıla bilər.