Dövlət İmtahan Mərkəzində (DİM) rəhbər dəyişikliyi təhsil və imtahan sistemində yeni mərhələnin başlanacağı ilə bağlı müzakirələri gündəmə gətirib. Uzun illər Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum ölkədə qəbul, buraxılış və müxtəlif qiymətləndirmə proseslərinin əsas təşkilatçılarından biri olub. Bu müddət ərzində formalaşan imtahan mexanizmləri, nəticələrin qiymətləndirilməsi və şəffaflıq məsələləri daim ictimai diqqət mərkəzində olub.
Yeni rəhbərlik fonunda əsas gözlənti mövcud sistemin sabitliyinin qorunması, eyni zamanda, mümkün yeniliklərin hansı istiqamətdə həyata keçiriləcəyidir. Bəs rəhbərlik dəyişikliyi indiyədək formalaşmış imtahan və qiymətləndirmə sisteminin obyektivliyinə təsir göstərəcək, yoxsa daha köklü islahatlara yol açacaq?
Təhsil eksperti Elçin Əfəndi Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunmasından sonra qurumun gələcək fəaliyyəti və qəbul imtahanlarının formatı ilə bağlı bir sıra suallar yaranıb.
Ekspertin sözlərinə görə, uzun müddətdir qəbul imtahanlarının formatının dəyişdirilməsi, test üsulundan mərhələli şəkildə imtina edilməsi ilə bağlı təkliflər irəli sürülür:
“Test üsulu abituriyentləri əzbərçiliyə yönəldir, onların öz fikirlərini ifadə etmək imkanlarını məhdudlaşdırır, nitq və düşünmə bacarıqlarının inkişafına mənfi təsir göstərir. Test ali təhsil müəssisələrinə qəbul üçün effektiv model hesab oluna bilər, lakin onun müəyyən çatışmazlıqları da var.
Düşünürəm ki, test üsulunu tamamilə aradan qaldırmaq əvəzinə, onu müəyyən qədər saxlamaq, digər tapşırıqlarda isə beynəlxalq təcrübəyə uyğun dinləmə, oxuyub-anlama və yazı bacarıqlarını ölçən suallara üstünlük vermək daha məqsədəuyğun olar. Eyni zamanda, imtahanlarda fənlərin sayı da azaldılmalıdır”.
Elçin Əfəndi hesab edir ki, yeni rəhbərlik müvafiq qurumlarla birgə qəbul imtahanlarının modelinə yenidən baxmalı, abituriyentlərin daha az sayda fənn üzrə imtahan verməsi imkanlarını nəzərdən keçirməlidir. Onun fikrincə, abituriyentlərin altı-yeddi fənn əvəzinə iki-üç fənn üzrə imtahan verməklə ali təhsil müəssisələrinə qəbul olunması daha məqsədəuyğun ola bilər.
Ekspert bu yanaşmanın tətbiqinin mümkün olduğunu qeyd edərək, V ixtisas qrupunda qəbulun iki fənn üzrə həyata keçirilməsini nümunə göstərib. Onun fikrincə, analoji modelin digər ixtisas qruplarında da tətbiqi nəzərdən keçirilə bilər.
Bununla yanaşı, Elçin Əfəndi vurğulayıb ki, imtahan modelində mümkün dəyişikliklər zamanı obyektivlik, düzgün qiymətləndirmə və şəffaflıq prinsipləri qorunmalıdır. O, yeni rəhbərliyin də imtahan prosesinə kənar müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirməli olduğunu bildirib:
“Əsas məsələ ondan ibarətdir ki, Məleykə xanım Abbaszadənin rəhbərliyi dövründə olduğu kimi, yeni rəhbərlik də imtahanların obyektivliyini və şəffaflığını qorumağa çalışmalıdır. Kənar müdaxilələrin imtahan prosesinə təsir göstərməsinə yol verilməməli, bu prinsiplər əsas götürülməlidir”.
//Gülnarə Abasova, Editor.az