Azərbaycan BƏƏ-yə $4,5 milyonluq yedək gəmilər satıb

Azərbaycan 2026-cı ilin yanvar–sentyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 3 ədəd yedək gəmisi ixrac edib. Gəmilərin ümumi dəyəri 4,46 milyon ABŞ dolları təşkil edib.

Bu məhsul üzrə göstərici təxminən 44,6 dəfə artıb.

2026-cı ildə BƏƏ-yə göndərilən gəmilərin hər birinin orta ixrac dəyəri təxminən 1,49 milyon dollar təşkil edib.

Qeyd edək ki, yedək gəmiləri limanlarda, dəniz terminallarında və digər su hövzələrində iri gəmilərin hərəkətinə kömək etmək, onları yedəkləmək və manevr etdirmək üçün istifadə olunur. Bu tip gəmilər neft-qaz və dəniz logistika əməliyyatlarında da tətbiq edilir.

Azərbaycanda gəmiqayırma sənayesinin əsas müəssisələrindən biri Bakı Gəmiqayırma Zavodudur. AZCON Holding-in tərkibində fəaliyyət göstərən zavod müxtəlif təyinatlı gəmilərin, o cümlədən yedək və təchizat gəmilərinin tikintisi üzrə ixtisaslaşıb.

Zavodun İdarə Heyətinin sədri Ruslan Talıbov 2026-cı ilin mayında bildirib ki, müəssisənin illik istehsal potensialı 25 min ton gəmi-metal konstruksiyaların hazırlanmasına imkan verir. Zavodda paralel şəkildə 4 ədəd yedək-təchizat və digər təyinatlı gəminin tikintisi də mümkündür.

Onun sözlərinə görə, müəssisənin sifariş portfelində 17 gəminin tikintisi üzrə müqavilələr mövcuddur. Bunlardan 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

Ümumilikdə, Azərbaycanın 2026-cı ilin ilk doqquz ayında BƏƏ-yə ixracı 93,74 milyon dollar, bu ölkədən idxalı isə 45,33 milyon dollar təşkil edib. İkitərəfli ticarət dövriyyəsi 139,07 milyon dollara çatıb.