Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də, ölkənin mürəkkəb siyasi, iqtisadi və sosial böhranla üzləşdiyi bir dövrdə yaradılıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan partiya sonrakı illərdə ölkənin hakim siyasi təşkilatına çevrilib. Bu gün 769 mindən çox üzvü birləşdirən YAP fəaliyyətinin 34-cü ilində yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda qarşısında duran vəzifələri müəyyənləşdirir. Azərbaycanın müstəqillik tarixinin ilk illəri dövlətçilik baxımından ciddi sınaqlarla yadda qalıb. Ölkədə siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, hakimiyyət uğrunda mübarizə, Ermənistanın hərbi təcavüzü və vətəndaş qarşıdurması təhlükəsi cəmiyyətdə ciddi narahatlıq doğururdu. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər ölkəni mövcud böhrandan çıxara biləcək yeni siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər.
Bu təşəbbüsün mərkəzində isə zəngin dövlətçilik təcrübəsinə, siyasi nüfuza və idarəçilik bacarığına malik Ulu Öndər Heydər Əliyev dayanırdı. Beləliklə, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində atılan addımlar ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının yaranma tarixində 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı və ictimai xadiminin Heydər Əliyevə ünvanladığı müraciət xüsusi əhəmiyyət daşıyır. Sonradan tarixə "91-lər"in müraciəti kimi düşən bu sənəddə ölkənin mövcud vəziyyətindən narahatlıq ifadə olunur, müstəqil Azərbaycanın gələcəyinin təmin edilməsi üçün yeni siyasi təşkilatın yaradılmasının zəruriliyi vurğulanırdı. Müraciət müəllifləri Heydər Əliyevdən yeni yaradılacaq partiyaya rəhbərlik etməsini xahiş edirdilər. Bu çağırış əslində, Azərbaycanın mürəkkəb vəziyyətdən çıxış yolu axtaran müəyyən ictimai-siyasi təbəqələrinin gözləntilərini əks etdirirdi.
Ulu Öndər Heydər Əliyev 1992-ci il oktyabrın 24-də müraciətə cavabında yeni siyasi təşkilatın yaradılması ideyasına münasibətini açıqlayaraq yazırdı:
"Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".
Bu cavab məktubu yeni partiyanın ideoloji və təşkilati əsaslarının müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Heydər Əliyev bununla böyük siyasi məsuliyyəti öz üzərinə götürərək ölkənin gələcək inkişafında iştirak edəcək yeni siyasi qüvvənin yaradılmasına razılıq verdi.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirak etdiyi konfrans müstəqil dövlətimizin siyasi tarixində mühüm hadisəyə çevrildi. Təsis konfransında partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri müəyyənləşdirildi. Beləliklə, müstəqil Azərbaycanın siyasi həyatında öz üzərinə mühüm missiya götürən yeni təşkilat formalaşdı. 1992-ci il dekabrın 18-də isə Yeni Azərbaycan Partiyası dövlət qeydiyyatına alındı.
YAP-ın yaradılması zamanı onun müxalifət partiyası kimi siyasi meydana çıxması da xüsusi qeyd olunmalıdır. Lakin partiyanın tutduğu mövqe dağıdıcı qarşıdurmadan daha çox konstruktiv siyasi fəaliyyətə, dövlət müstəqilliyinin qorunmasına və ölkənin inkişafına yönəlmişdi. Bu xüsusiyyət sonrakı illərdə partiyanın siyasi fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildi. Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində ölkənin aparıcı siyasi təşkilatlarından birinə çevrilməsində Heydər Əliyevin şəxsi nüfuzu, siyasi təcrübəsi və təşkilatçılıq bacarığı mühüm rol oynadı.
1993-cü ildə Azərbaycanda yaranmış ağır siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi ehtimalı ölkənin siyasi həyatında ciddi dönüşə səbəb oldu. İyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və həmin ilin oktyabrında prezident seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu hadisələr Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də birbaşa təsir göstərdi. Partiya hakim siyasi təşkilata çevrilərək dövlət idarəçiliyində və ölkənin ictimai-siyasi həyatında mühüm mövqe qazandı.
Heydər Əliyev YAP-ın gələcək inkişafını onun siyasi ideallarına və dövlətçilik prinsiplərinə sadiqliklə əlaqələndirirdi. Ulu Öndərin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri də təşkilatın yalnız yarandığı dövrün siyasi tələblərinə cavab verən qurum deyil, uzunmüddətli inkişaf strategiyasına malik siyasi təşkilat kimi formalaşması məqsədini ifadə edirdi. Partiyanın sonrakı fəaliyyəti, strukturunun genişlənməsi, rayon və şəhər təşkilatlarının yaradılması, gənclər və qadınlar təşkilatlarının formalaşması onun təşkilati imkanlarının artmasına şərait yaratdı. Yeni Azərbaycan Partiyasının inkişaf tarixində mühüm hadisələrdən biri 2005-ci il martın 26-da keçirilən III qurultay oldu. Həmin qurultayda Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Bu qərar YAP-ın siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və partiyanın təşkilati baxımdan inkişafı qarşıdakı dövrün əsas istiqamətlərini təşkil edirdi.
İlham Əliyevin rəhbərliyi dövründə YAP-ın siyasi və təşkilati fəaliyyətində yeni yanaşmalar tətbiq olundu. Partiyanın ictimai-siyasi proseslərdə iştirakı genişləndi, regional təşkilatların fəaliyyəti təkmilləşdirildi, gənclərin siyasi proseslərə cəlb olunmasına və yeni üzvlərin qəbulu istiqamətində işlərə diqqət artırıldı. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında Ulu Öndərin siyasi irsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq bildirmişdi: "Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır".
Bu yanaşma partiyanın ideoloji əsaslarının qorunması ilə yanaşı, dəyişən ictimai-siyasi şəraitə uyğunlaşmasını da nəzərdə tutur. Başqa sözlə, YAP-ın qarşısında duran vəzifə tarixi siyasi irsi qorumaqla yanaşı, müasir dövrün çağırışlarına cavab verən təşkilati və siyasi fəaliyyət modelini formalaşdırmaqdır.
Yeni Azərbaycan Partiyasının inkişafında 2021-ci il martın 5-də keçirilən VII qurultay xüsusi yer tutur. Bu qurultay ölkədə və regionda baş vermiş mühüm siyasi dəyişikliklər, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonrakı yeni reallıqlar fonunda keçirildi. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti və 13 nəfərlik Təftiş Komissiyası formalaşdırıldı. Eyni zamanda, yeni struktur kimi 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. Qurultayın diqqətçəkən qərarlarından biri də Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə həyata keçirilən bu təyinat partiyanın rəhbərliyində yeni təşkilati mərhələnin formalaşmasına xidmət etdi. VII qurultaydan sonra YAP-ın fəaliyyətində proqram və struktur yenilənməsi istiqamətində də mühüm addımlar atıldı. Partiyanın yeni Proqramı 2021-ci il dekabrın 29-da İdarə Heyətinin iclasında təsdiqləndi. Beş fəsildən ibarət olan sənəd partiyanın siyasi dəyərlərini, fəaliyyət prinsiplərini, təşkilatdaxili münasibətləri və strateji hədəflərini müəyyənləşdirir.
Proqramda partiyanın siyasi dəyərlər və prinsiplər sistemində 10 əsas istiqamət müəyyən olunub. Bunlara Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı daxildir. Sənəddə partiyadaxili münasibətlərin əsas meyarları kimi peşəkarlıq, işgüzarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, milli dəyərlər, innovativlik, elmlilik və müasirlik prinsipləri də əksini tapıb. Proqramın diqqətçəkən cəhətlərindən biri isə partiyanın 11 strateji hədəfinin müəyyənləşdirilməsidir. Bu hədəflər arasında güclü iqtisadiyyat və davamlı inkişaf, insan kapitalının inkişafı, sosial təminat, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış xüsusi yer tutur. Bu istiqamətlər partiyanın fəaliyyətinin yalnız siyasi təşkilatlanma ilə məhdudlaşmadığını, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrinə dair proqram yanaşmasını əhatə etdiyini göstərir.
Yeni Azərbaycan Partiyasının təşkilati miqyasını müəyyən edən əsas göstəricilərdən biri üzvlərinin sayıdır. 2026-cı il oktyabrın 1-nə olan rəsmi məlumatlara əsasən, YAP-ın 4953 ərazi partiya təşkilatı üzrə 769 811 üzvü qeydə alınıb. Bu göstərici partiyanın Azərbaycanın ictimai-siyasi həyatında geniş təşkilati şəbəkəyə malik olduğunu nümayiş etdirir. Üzvlərin 398 568 nəfərini qadınlar təşkil edir ki, bu da ümumi üzvlərin 51,8 faizidir. 18-29 yaşlı gənclərin sayı isə 43 379 nəfərdir. VII qurultaydan sonrakı dövrdə - 2021-ci il martın 5-dən 2026-cı il oktyabrın 1-dək partiya sıralarına 95 379 nəfər yeni üzv qəbul olunub. Onların 58 351 nəfəri qadınlar, 32 261 nəfəri isə gənclərdir. Bu rəqəmlər YAP-ın üzvlük bazasının genişlənməsi ilə yanaşı, qadınların və gənclərin partiyanın təşkilati strukturunda təmsilçiliyinə də diqqət yetirildiyini göstərir. Partiyanın Nizamnaməsinə və Proqramına əsasən, YAP irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsədlər ətrafında birləşdirməyi hədəfləyir.
Müasir Azərbaycanın ictimai-siyasi həyatında diqqətçəkən istiqamətlərdən biri də siyasi dialoqun inkişafıdır. Bu prosesdə hakim partiya kimi YAP-ın fəaliyyəti də mühüm yer tutur. Prezident İlham Əliyev müxtəlif çıxışlarında ümummilli məsələlərdə siyasi qüvvələrin ortaq mövqedən çıxış etməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz" fikri milli maraqlar, dövlət müstəqilliyi və ərazi bütövlüyü kimi məsələlərdə siyasi həmrəyliyin vacibliyini ifadə edir. Son illərdə iqtidar və müxalifət partiyaları arasında dialoq platformalarının formalaşdırılması, siyasi partiyaların qanunvericilik təşəbbüslərində və ictimai müzakirələrdə iştirakının genişlənməsi Azərbaycanın siyasi sistemində yeni münasibətlər modelinin inkişafına yönəlmiş addımlar kimi təqdim olunur. Bu prosesin davamlılığı isə siyasi dialoqun yalnız görüş və bəyanatlarla məhdudlaşmamasından, müxtəlif siyasi qüvvələrin real müzakirə və qərar qəbuletmə proseslərində iştirakından asılıdır.
Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin qiymətləndirilməsində seçki proseslərində iştirakı və əldə etdiyi nəticələr də mühüm göstəricilərdən biridir. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev 92,12 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin il sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunmaq hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə YAP-ın namizədlərindən 5855 nəfər bələdiyyə üzvü seçildi. Bu nəticələr partiyanın ölkənin seçkili dövlət və yerli özünüidarəetmə orqanlarında geniş təmsilçiliyini göstərir. Bununla yanaşı seçki proseslərinin rəqabətliliyi, siyasi iştirak imkanları və seçicilərin müxtəlif siyasi qüvvələrə münasibəti siyasi sistemin inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan digər mühüm amillərdir.
2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması bu tədbirin siyasi əhəmiyyətini daha da artırırdı. Prezident, YAP-ın sədri İlham Əliyev qurultayda çıxış edərək ölkənin keçdiyi inkişaf yoluna, regionda yaranmış yeni geosiyasi reallıqlara və partiyanın qarşısında duran vəzifələrə toxundu. Dövlət başçısı qurultayın əhəmiyyətini belə ifadə etdi: "Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir".
Qurultayda partiyanın ötən dövr ərzindəki fəaliyyəti təhlil olundu, təşkilati məsələlər müzakirə edildi, Nizamnaməyə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilərək üzvləri seçildi. Prezident İlham Əliyev çıxışında YAP-ın ölkənin ictimai-siyasi həyatındakı roluna da toxunaraq bildirdi:
"Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". VIII qurultayda diqqət çəkən məsələlərdən biri də partiyanın üzvlük bazasının genişlənməsi ilə bağlı açıqlanan rəqəmlər oldu. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, YAP-ın 769 811 üzvünün olması təşkilatın ölkə üzrə geniş şəbəkəsini göstərir. Qurultayda səsləndirilən fikirlər və qəbul edilən qərarlar partiyanın yeni mərhələdə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələr arasında işğaldan azad olunmuş ərazilərin bərpası, Böyük Qayıdış proqramının icrası, iqtisadi inkişafın davam etdirilməsi, sosial rifahın yüksəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi dayanır. Bu baxımdan YAP-ın qarşıdakı dövrdəki fəaliyyəti həm partiyanın təşkilati potensialının qorunması, həm də yeni ictimai-siyasi çağırışlara uyğunlaşması ilə səciyyələnəcək.
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Azərbaycanın müstəqillik dövrünün siyasi inkişafı ilə sıx bağlıdır. 1992-ci ildə ölkənin ağır böhranla üzləşdiyi bir şəraitdə yaradılan partiya sonrakı illərdə hakim siyasi təşkilata çevrilib, ölkənin idarəçilik sistemində və ictimai-siyasi həyatında mühüm mövqe tutub. Partiyanın formalaşması və inkişafı Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. İlham Əliyevin rəhbərliyi altında isə YAP yeni mərhələyə qədəm qoyaraq təşkilati strukturunu genişləndirib, proqram sənədlərini yeniləyib və siyasi fəaliyyətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışıb. Bu gün partiyanın qarşısında duran əsas vəzifələrdən biri tarixi siyasi irsin müasir dövrün tələbləri ilə uzlaşdırılmasıdır. Çünki siyasi təşkilatın uzunmüddətli fəaliyyəti yalnız üzvlərinin sayı və seçkilərdəki təmsilçiliyi ilə deyil, cəmiyyətin dəyişən ehtiyaclarına nə dərəcədə cavab verməsi, yeni ideyalar irəli sürməsi, gənc nəslin siyasi və ictimai fəallığını dəstəkləməsi ilə də ölçülür. Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" fikri təşkilatın yaranma tarixindən etibarən onun siyasi fəaliyyətinin əsas ideyalarından biri kimi təqdim olunur. Prezident İlham Əliyevin VIII qurultayda səsləndirdiyi fikirlər də partiyanın keçmiş təcrübəsi ilə yanaşı, qarşıdakı dövrün vəzifələrinə diqqət yetirildiyini göstərir.
Beləliklə, 21 Noyabr - Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi gün yalnız bir siyasi təşkilatın yaranma tarixinin xatırlanması deyil. Bu tarix Azərbaycanın müstəqillik dövründə keçdiyi mürəkkəb siyasi yolun, dövlətçilik ənənələrinin və ölkənin müasir siyasi sisteminin formalaşmasının mühüm mərhələlərindən birini əks etdirir.
1992-ci ildə Naxçıvanda 550 nəfərin iştirakı ilə keçirilən təsis konfransından 769 mindən çox üzvü birləşdirən təşkilata qədər uzanan yol YAP-ın siyasi tarixinin əsas mərhələlərini özündə ehtiva edir. Qarşıdakı dövrdə isə partiyanın fəaliyyətinin nəticələri onun müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsi, ictimai-siyasi proseslərdə iştirakı və cəmiyyətin gözləntilərinə verdiyi cavablarla qiymətləndiriləcək.