Yanvarda kimlər hərbi xidmətə çağırılacaq, kimlər çağırılmayacaq?

Azərbaycanda növbəti müddətli həqiqi hərbi xidmətə çağırış 2027-ci il yanvarın 1-dən 30-dək keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı noyabrın 23-də sərəncam imzalayıb. Həmin müddətdə xidmətini başa vuran hərbi qulluqçular da ehtiyata buraxılacaqlar.

Modern.az sərəncam və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun əsasında yanvar çağırışının kimlərə şamil olunduğunu, möhlət və azadolma əsaslarını təqdim edir.

Kimlər çağırılacaq?

Yanvar çağırışı 2009-cu ildə doğulan və çağırış günü də daxil olmaqla həmin tarixədək 18 yaşı tamam olan, eləcə də 1997–2008-ci illərdə doğulan və 30 yaşı tamam olmayan kişi vətəndaşları əhatə edir. Bu şəxslər hərbi xidmətə yararlı olduqda, əvvəllər müddətli həqiqi hərbi xidmət keçmədikdə və qüvvədə olan möhlət və ya azadolma əsasları olmadıqda çağırılırlar.

Kimlərə möhlət verilir?

Sağlamlığa görə. Müvəqqəti yararsız sayılan çağırışçıya hər dəfə ən çox bir il, ümumilikdə isə üç ilədək möhlət verilə bilər.

Ailə vəziyyətinə görə. Himayəsində üç və daha çox uşağı olanlara, başqa övladı olmayan və orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideynə və ya eyni göstərici üzrə əlilliyi müəyyən edilmiş həyat yoldaşına qulluq edən çağırışçılara möhlət verilir. Qanunda tək valideynə və ya onu saxlaya biləcək başqa ailə üzvü olmayan azyaşlı, yaxud həmin göstərici üzrə əlilliyi olan bacı və ya qardaşa himayədarlıqla bağlı hallar da nəzərdə tutulur.

Təhsilə görə. Tam orta təhsil alanlara 20 yaşınadək möhlət verilir. Tam orta təhsili bitirmədən peşə və ya orta ixtisas təhsilinə başlayanlar üçün hədd müvafiq olaraq 20 və 21 yaşdır. Əyani bakalavriat və magistraturada möhlət təhsil başa çatanadək, müvafiq olaraq 24 və 26 yaşdan çox olmamaqla verilir. Əyani baza ali tibb təhsili, rezidentura və doktoranturada möhlət təhsilin sonunadək davam edir. Dövlət və hökumətlərarası təqaüd proqramları, eləcə də qəbul imtahanları üçün qanunda ayrıca müddətlər nəzərdə tutulur.

Seçki və vəzifə fəaliyyəti ilə əlaqədar. Deputatlığa və ya bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan şəxslərə seçki nəticələri rəsmən dərc edilənədək möhlət verilir. Deputat, hakim və ombudsman fəaliyyəti də möhlət əsasları sırasındadır.

Kimlər çağırışdan azad edilir?

Dinc dövrdə çağırışdan azad edilərək ehtiyata keçirilənlər sırasına fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi olanlar, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı sayılanlar və 30 yaşı tamam olanadək müddətli xidmət keçməyənlər daxildir. Qanunda alternativ xidmətə göndərilənlər, eləcə də Azərbaycan vətəndaşlığını əldə edənədək və ya vətəndaşlığa mənsubiyyəti tanınanadək əvvəlki ölkəsində müddətli xidmət keçmiş və ya çağırışdan azad edilmiş şəxslər üçün də azadolma nəzərdə tutulur. Sonuncu qaydanın qanunda göstərilən istisnası var.

Hərbi qeydiyyatdan çıxarılmaqla çağırışdan azad edilənlər həm dinc, həm də müharibə dövründə xidmətə yararsız sayılanlar, ağır və ya xüsusilə ağır cinayətə görə müddətli və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunanlar və Azərbaycan vətəndaşlığına xitam verilən şəxslərdir.

Qanunun 22-ci maddəsinə görə, müvəqqəti çağırılmayanlar da var. Bunlara qanunda sadalanan cəzaları çəkənlər, barəsində müddətli azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilənlər, qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkumluğu ödənilməyən və ya götürülməyən şəxslər, habelə barəsində istintaq və ya təhqiqat aparılan, yaxud işinə məhkəmədə baxılan şəxslər daxildir.