Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov jurnalist Ada Süleymanın həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı feysbuk hesabında paylaşım edib.
O, paylaşımında qəzanın səbəbi kimi avtomobilin istehsalını deyil, sürücünün sərxoş vəziyyətdə sükan arxasına keçməsini göstərib:
"Jurnalist Ada Süleymanın ad günü məclisindən sonra avtoqəza nəticəsində ölməsi hamı kimi məni də üzdü. Çin istehsalı olan avtomobil yük maşınını arxadan vurub və nəticədə sərnişin qismində maşında olan jurnalist sürücü ilə birlikdə ölüb. Bəziləri qəzanın səbəbi kimi Çin avtomobilini günahlandırır. Amma burda cəmi bir səbəb var. O da insan, həm də içkili vəziyyətdə avtomobil idarə edən insan. Həmin insan tank da idarə etsə, qəza qaçılmazdır. Yadıma kənd toylarında cavanların spirtli içki qəbul edib avtomobil idarə etmələri və həmin karvanda baş verən qəzalar düşür. İnsan gərək özü ilə bərabər başqalarını da düşünsün. Avtomobil yüksək təhlükə mənbəyidir. O "qadan alım, başına dönüm" tanımır. Sükan arxasında oturan hər kəs diqqətli olmalıdır, yoxsa peşmançılıq qaçılmazdır. Baxın, iki gənc ömür yarımçıq qaldı, xəyallar qırıldı və puç oldu. Bir gəncin məsuliyyətsizliyi özü ilə bərabər digərinin də həyatına son qoydu. Bu hadisə bütün sürücülərə bir daha xatırlatmalıdır ki, yüksək sürət, içkili halda avtomobil idarə etmək, sükan arxasında telefonla oynamaq, canlı yayım açmaq, yuxulamaq, fikirə getmək can alır. Diqqətli olaq ki, diqqət çəkməyək".