İtaliya şirkətləri Ələt Azad İqtisadi Zonası və sənaye parklarında əməkdaşlığa dəvət olundu

İtaliya şirkətləri ilə Azərbaycanın Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında əməkdaşlıq imkanları xüsusi qeyd edilməlidir.

Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, istehsalın logistika obyektlərinə yaxın ərazilərdə təşkili, təchizatın səmərəli qurulması və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya perspektivlərini yaxşılaşdırılmasında önəm daşıyır:

“İnanırıq ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətini genişləndirməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə ölkələrimiz arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcək”.