Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub

Meksika ordusunun dörd hərbi qulluqçusu Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının başçısı "Çapo İsidro" ləqəbli Fausto İsidronun tutulması əməliyyatı zamanı həlak olub.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Bu cinayətkar qruplaşmanın üzvlərinin öz başçılarının ələ keçirilməsinə mane olmaq üçün göstərdiyi şiddətli müqavimət nəticəsində Quasave bələdiyyəsində təhlükəsizliyin gücləndirilməsi üçün göndərilmiş Meksika ordusunun müntəzəm piyada hissələrinin dörd hərbi qulluqçusu həlak olub", – məlumatda bildirilib.

Nazirlik əməliyyat zamanı yeddi hücumçunun öldürüldüyünü və səkkiz şübhəlinin saxlanıldığını dəqiqləşdirib.