Bakı, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Bakının Qoşa Qala meydanında Kəlağayı Festivalının açılış mərasimi olub.AZƏRTAC xəbər verir ki, festivalda kəlağayı sənətinin və Azərbaycan milli mədəniyyətinin təbliği, ənənəvi sənətkarlıq nümunələrinin nümayişi, musiqi və rəqs proqramları təşkil edilib.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova jurnalistlərə açıqlamasında tədbir barədə məlumat verib.“Festival ərazisində gün ərzində sənətkarların əl işləri yarmarkası, kəlağayı və milli məhsulların satışı, milli şirniyyat və təamların təqdimatı, milli üslubda fotozonalar, kəlağayı ilə bəzədilmiş dekorativ pavilyonlar təşkil olunur. Kəlağayı Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli ruhunu özündə yaşadan ənənəvi sənət nümunəsidir. Festivala giriş sərbəstdir”, - deyə o əlavə edib.Festival çərçivəsində ustad dərsi keçən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, festivalda bütün milli dəyərlərimiz nümayiş olunur. “Yaylıqlar, tikmələr, şərflər və digər sənət nümunələrinin hər biri gözəlliyin və yaradıcılığın təzahürüdür. Belə festivalların xalqımıza, milli dəyərlərimizə xidmət etməsi çox təqdirəlayiqdir. Kəlağayı milli sərvətimiz, milli dəyərimiz, nənələrimizdən bizə miras qalan qiymətli yadigardır. Ona xüsusi qayğı ilə yanaşmalı, bu sənəti qoruyub gələcək nəsillərə ötürməliyik”,- deyə Güllü Eldar Tomarlı əlavə edib.O, kəlağayının qadınlarımızın milli geyim mədəniyyətinin ayrılmaz hissəsi olduğunu deyib: “Baş örtüyü olmaqla yanaşı, həm də zərifliyin, mənəvi dəyərlərin və ənənələrə bağlılığın ifadəsidir. Xoşbəxtlikdən, Azərbaycan qadınları milli irsimizə biganə qalmır, kəlağayı sənətinin yaşadılmasına öz töhfələrini verirlər. Əsrlər keçsə də, öz rəngini və gözəlliyini qoruyub saxlayan kəlağayıların əsas xüsusiyyəti təbii ipəkdən hazırlanmasıdır. Kəlağayının özünəməxsusluğu onun baramadan əldə edilən ipəkdən toxunması ilə bağlıdır. İpək saplar ustaların məharətli əllərində zərif parçalara, həmin parçalar isə bənzərsiz sənət əsərlərinə çevrilir. Kəlağayının hazırlanması olduqca mürəkkəb və zəhmət tələb edən prosesdir. Bu gün gənclərin zövqünə və müasir tələblərə uyğun müxtəlif çeşidli kəlağayıların istehsal olunması sevindirici haldır. Arzu edirəm ki, kəlağayımız daim baş tacımız olsun, Azərbaycan qadınının zərifliyini və milli kimliyini yaşatsın”.Festivala turistlərin də marağı müşahidə olunub.Qazaxıstandan paytaxta işgüzar səfər üçün gələn Şamiqazına Julsaskenna kəlağayıları və festivalı bəyəndiyini diqqətə çatdırıb: “Azərbaycan milli irsinin gözəl parçası olan kəlağayıları özüm və anam üçün aldım. Keyfiyyəti, rənglərinin gözəlliyi və hər bir tikməsinin incəliyi məni heyran etdi. Hər detalında zəhmət və sevgi hiss olunur”.Festival sabah da davam edəcək. Müxbir - Fidan Əlizadə Fotoqraf - Nicat Haşımov Videooperator - Vüsal Tağıyev