Ankara, 21 noyabr, AZƏRTAC Sülh yalnız hərbi əməliyyatların dayandırılması və diplomatik danışıqlar yolu ilə qurula bilməz. Davamlı sülhün yolu həm də keçmişdə baş verən humanitar faciələrin öz həllini tapması, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ailələrin uzun müddətdir gözlədiyi cavabları almasından keçir. Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesi məhz bu prizmadan nəzərdən keçirilməli, həm də humanitar məsələlərin həlli baxımından qiymətləndirilməlidir. Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Qafqaz Universitetinin (Qars) Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, beynəlxalq münasibətlər və xarici siyasət üzrə ekspert Damla Kocatepe deyib.Ekspert Birinci Qarabağ müharibəsindən bəri taleyi naməlum qalan təxminən 4010 nəfər azərbaycanlının məsələnin ən ciddi və həll olunmamış humanitar problem adlandırıb. Otuz ildən çox vaxt keçməsinə baxmayaraq, minlərlə ailənin hələ də doğma və yaxınlarının harada olduqları və ya başlarına nə gəldiyi barədə dəqiq məlumata malik olmadığını qeyd edən ekspert “bu, sadəcə keçmişin problemi deyil, bu günün faciəsidir” deyib. Müsahibimizin sözlərinə görə, noyabrın 19-20-də İrəvanda keçirilən “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans ilk baxışdan əhəmiyyətli təşəbbüs hesab edilə bilər. “Ermənistan hökuməti beynəlxalq əməkdaşlığı, dialoqa və itkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün institusional mexanizmlərin əhəmiyyətini vurğulasa da, biz sözügedən təşəbbüslərin nə dərəcədə konkret addımlara çevrildiyinə baxmalıyıq. İtkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılmasında əldə edilən konkret nəticələr əsas alınmalıdır”, - deyə D. Kocatepe bildirib.Beynəlxalq münasibətlər üzrə ekspert, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanın konfransında çıxışına diqqət çəkərək, Birinci Qarabağ müharibəsindən bəri taleyi naməlum qalan minlərlə azərbaycanlı məsələsinə erməni tərəfinin aydınlıq gətirilmədiyini vurğulayıb. D.Kocatepe itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinin universal humanitar məsuliyyət olduğunu vurğulayıb. “Bu məsuliyyət yalnız bir tərəfin itkin düşmüş vətəndaşları ilə məhdudlaşmamalıdır”, - deyən ekspert misal olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2007-ci ildə qəbul etdiyi 1553 saylı Qətnaməni xatırladıb.“AŞPA qətnaməsində açıq şəkildə bildirilib ki, itkin düşmüş şəxslər məsələsi siyasi həll proseslərindən asılı olmayaraq həll olunmalı və tərəflər sahib olduqları məlumatları paylaşmalıdırlar. Buna görə də bu məsələ siyasi münasibətlərin gedişatından və ya qarşılıqlı gözləntilərdən asılı olaraq təxirə salına bilməz”, - deyən Qafqaz Universitetinin müəllimi bildirib. O qeyd edib ki, Ermənistan hökumətinin Azərbaycanla əməkdaşlığa hazır olduğuna dair bəyanatları İrəvanın üzərinə konkret məsuliyyət qoyur: “Əgər məqsəd həqiqətən də etimad yaratmaq, keçmişin humanitar fəsadlarını aradan qaldırmaq və düşmənçiliyi azaltmaqdırsa, əvvəlcə itkin düşmüş şəxslərlə bağlı mövcud məlumat və sənədləri paylaşmağa hazırlıq nümayiş etdirilməlidir. Taleyi məlum olmayanların tapılmasına töhfə verə biləcək vacib məlumatlar arasında xüsusilə, hərbi qeydlər, əsirliklə bağlı sənədlər, ölüm və dəfn məlumatları, mümkün kütləvi məzarların yerlərinə dair informasiya təşkil edir”. Ekspert hesab edir ki, Ermənistanın itkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlığa çağırışı yalnız bərabər, şəffaf və nəticəyönümlü yanaşma ilə dəstəkləndiyi təqdirdə mənalı olacaq. Bu baxımdan, itkin düşmüş 4010 nəfər Azərbaycan vətəndaşının taleyinin aydınlaşdırılması təkcə onların ailələri qarşısında olan məsuliyyət deyil, həm də regionda davamlı sülh və qarşılıqlı etimadın qurulması səyləri üçün mühüm bir sınaqdır. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara