Rusiya NATO-nun müharibə etmək arzusunda olduğunu bildirib

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Mariya Zaxarova açıqlama verib

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında bəzi aktual məsələləri qiymətləndirib.

NATO-nun Rusiyaya qarşı addımlarını tənqid edən M.Zaxarova deyib: "NATO çılğıncasına hərəkət edir. Bu, NATO-da strategiya quranların müharibə etmək arzusunda olduğunu göstərir. Rusiya NATO üzvlərinə hücum etmək niyyətində deyil. Qonşu və digər bütün ölkələrlə sülh şəraitində yaşamaq istəyirik".

Avropa ölkələrinin Ukrayna böhranının həllinə yönəlmiş danışıqlar prosesində iştirakı ehtimalını şərh edən M.Zaxarova avropalıların açıqlamalarının və atdığı addımların onların buna hazır olmadığını göstərdiyini qeyd edib.

M.Zaxarova Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Avropa adından danışıqlarda yer alması ehtimalına da toxunub. O, bunun sülhməramlı təşəbbüslərin pozulmasına gətirib çıxaracağını vurğulayaraq bildirib: "Kallas vəzifəsinin icrasına başladığı vaxtdan etibarən Rusiyaya qarşı mövqe sərgiləyir, ölkəmizə reallıqdan uzaq tələblər irəli sürür".

Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarına cavab verəcəklərinə diqqət çəkib.

Bundan əlavə, Estoniya Rusiya kəşfiyyatının tapşırığı ilə müdafiə sənayesi şirkətinə qarşı təxribat cəhdi edildiyini əsas gətirərək, dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib. M.Zaxarova bu qərarı "Dəmir pərdə" dövrünə bənzədib və buna qarşı siyasi, eləcə də diplomatik tədbirlər görəcəklərini bildirib.

Moldovanın Rusiyanı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hava məkanını pozmaqda ittiham etdiyinə toxunan M.Zaxarova bununla bağlı Rusiya tərəfinə heç bir sübut təqdim edilmədiyini deyib.

ABŞ-nin nüvə potensialını artırmaq istiqamətindəki təşəbbüslərini yaxından izlədiklərini dilə gətirən M.Zaxarova rəsmi Vaşinqtonun Rusiyanın da nüvə silahına malik olduğunu nəzərə almalı olduğunu xüsusi vurğulayıb.