Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb

Noyabrın 21-də Hanoyda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə görüşü olub.

Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Hanoyun Köhnə Məhəlləsində XIX əsrdə inşa edilmiş İrs Evini ziyarət ediblər.

Onlara burada Vyetnam irsinə aid əl işləri, orijinal yaşayış memarlığı və tacir həyat tərzi barədə məlumat verilib.

Mehriban Əliyeva və qızları Vyetnam çayının təqdimat mərasimini izləyiblər.

Daha sonra UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş, tarixi XI əsrə gedib çıxan ənənəvi Ca Trù ifa sənəti nümayiş etdirilib. İfa qadın sənətçinin poetik çıxışının üçsimli musiqi aləti və barabanın müşayiəti ilə təqdim olunmasını əhatə edir.

Tədbir çərçivəsində Vyetnamın milli geyimi olan Áo Dài də nümayiş etdirilib. Ənənəvi ipək parçalardan hazırlanan və naxışlarla bəzədilən geyimlər Vyetnamın müxtəlif dövrlərini əks etdirir.

Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənətinin nümunəsi təqdim olunub.