İran daxili bazarında yaranmış çatışmazlıqla əlaqədar kartof və bir sıra tərəvəz məhsullarının ixracını dayandırır. Azərbaycanın kartof idxalında İranın böyük payı olduğunu nəzərə alsaq, bu qərarın qiymət artımına səbəb olacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycana İrandan 24 548 ton kartof gətirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ümumi kartof idxalının təxminən 36,5%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə artıb. Bu isə Azərbaycan bazarının İran idxalından asılı olduğunu göstərir.
O zaman ixrac bərpa olunmazsa bahalaşma riski nə qədərdir?
İqtisadiyyat üzrə ekspert Elşən Babayev Bizim.Media-ya bildirib ki, əgər qadağa uzun müddət davam edərsə və digər idxalçı ölkələr İranın yerini doldura bilməzsə, Azərbaycanda kartofun bahalaşması qaçılmazdır. Lakin qiymət artımının nə qədər olacağını indidən demək mümkün deyil:
“Burada əsas məsələ İrandan ixrac dayanan müddətdə noyabr-dekabr aylarında digər ölkələrdən nə qədər kartof gətirməsidir. Əgər kifayət qədər idxal varsa qiymət artımı cüzi olacaq, heç hiss olunmayacaq. Yox əgər digər ölkələr idxalı tam təmin etməsə o zaman qiymətlər daha da arta bilər. İlin sonu və qış aylarında bazarın idxaldan asılılığı artır. Buna görə ixrac qadağasının uzun müddət davam etməsi ciddi təsir göstərə bilər”.
Hazırda yerli bazarda kartofun qiyməti, xüsusən Bakı və ətraf ərazilərdə təxminən 95 qəpik -1,60 manat aralığındadır.
Qeyd edək ki, Azərbaycan İrandan başqa Türkiyə, Pakistan, Gürcüstandan da kartof idxal edir.
Şəfiqə Şəfa, Bizim.Media