Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan yeni siyasi partiya yaratmaq və onun ətrafında hazırkı hakimiyyətə qarşı çıxan siyasi xadimləri birləşdirmək niyyətindədir.
"İravunk" qəzeti öz mənbələrinə istinadən yazır ki, Qriqoryan bu təşəbbüslə bağlı dayısı - Azərbaycan ərazisində mövcud olmuş qondarma rejimin "keçmiş ordu komandan"ı Movses Akopyandan dəstək istəyib.
Qeyd edək ki, Armen Qriqoryan 2018-ci ildən 2026-cı il avqustunadək Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Avqustun 13-də Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib və onun yerinə parlamentin keçmiş sədri Alen Simonyan təyin olunub. Paşinyan Qriqoryana öz aparatında vəzifə təklif etdiyini, lakin onun bu təklifi qəbul etmədiyini açıqlayıb.
Qriqoryanın Paşinyan hakimiyyətindən ayrıldıqdan sonra hökumətin xarici siyasət kursuna, xüsusilə Avropa İttifaqına inteqrasiya siyasətinə münasibətdə tənqidi mövqeyi daha açıq şəkildə üzə çıxıb.
Belə ki, o, noyabrın 11-də "MediaLab" platformasında dərc olunan "Avropa İttifaqına üzvlük illüziyası" adlı məqaləsində Ermənistanın Aİ-yə üzvlük perspektivinin ölkənin mövcud siyasi, coğrafi və iqtisadi reallıqlarına uyğun olmadığını bildirib. Qriqoryan noyabrın 13-də "CivilNet"ə müsahibəsində də bu məsələdə Paşinyanı və hökumət üzvlərini hələ vəzifədə olduğu dövrdə xəbərdar etməyə çalışdığını deyib.
Onun sözlərinə görə, Ermənistanın bir güc mərkəzindən asılılığını azaltmaq istəyərkən başqa bir güc mərkəzindən asılı vəziyyətə düşməsi riski var. Qriqoryan bu mövqeyini hökumətin Avropa İttifaqına inteqrasiya siyasətinə dair açıq tənqid kimi ifadə edib.
Bu açıqlamalar Ermənistanda onun gələcək siyasi fəaliyyəti ilə bağlı müzakirələri də gücləndirib.