Bakı, 20 noyabr, AZƏRTAC 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması müstəqil Azərbaycan dövlətçiliyinin tarixində mühüm siyasi hadisə, ölkənin gələcək inkişafına istiqamət verən tarixi qərar idi. Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrdə meydana çıxan YAP milli maraqların, dövlətçilik ideyalarının və xalqın gələcəyə inamının ifadəsinə çevrildi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat xatırladıb ki, həmin dövrdə ölkənin taleyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanı böhrandan çıxara biləcək güclü siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Onlar xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ətrafında birləşdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət bu prosesin siyasi ifadəsi oldu. Müraciətdə yeni yaradılacaq partiyaya rəhbərlik etmək xahiş edilirdi. Ulu Öndər cavabında belə bir siyasi təşkilatın yaradılmasını müstəqil Azərbaycanın gələcəyi baxımından “obyektiv zərurət” kimi qiymətləndirmişdi. Noyabrın 21-də Naxçıvanda Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi. Partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə sədr seçildi. Beləliklə, milli dövlətçiliyin qorunmasını və möhkəmləndirilməsini əsas məqsəd seçən siyasi qüvvənin əsası qoyuldu. 2005-ci il martın 26-da keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin siyasi kursunun müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi partiyanın fəaliyyətinin əsas istiqamətinə çevrildi. Bu dövrdə Azərbaycanın iqtisadi potensialı, beynəlxalq mövqeləri və dövlətçilik institutları daha da gücləndirildi. Deputatın fikrincə, YAP-ın siyasi fəaliyyətində konstruktiv dialoq və milli həmrəylik də mühüm yer tutur. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” mövqeyi milli maraqların siyasi münasibətlərdə əsas götürülməsinin vacibliyini göstərir. İqtidar-müxalifət dialoqunun inkişafı və siyasi institutlar arasında əməkdaşlığın genişlənməsi demokratik siyasi mədəniyyətin möhkəmlənməsinə xidmət edir. O vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında tarixi Zəfərin nəticələrini möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdışı təmin etmək, iqtisadi gücü və insan kapitalını artırmaq kimi mühüm vəzifələr dayanır. YAP-ın strateji hədəfləri də məhz bu ümummilli prioritetlərlə uzlaşır. Yeni Azərbaycan Partiyasının keçdiyi yol tarixi zərurətdən doğan siyasi təşəbbüsün güclü ümumxalq partiyasına çevrilməsinin nümunəsidir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyası və milli maraqların üstün tutulması partiyanın siyasi xəttinin əsasını təşkil edir. YAP dünənin tarixi təcrübəsini, bu günün reallıqlarını və gələcəyin hədəflərini birləşdirən siyasi qüvvə kimi fəaliyyətini davam etdirir.