Abşeron rayonunda bir sıra ərazilərdə yaranan problemlər sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar yaşıllıq sahələrinin məhv edilməsi, qanunsuz tikinti iddiaları, kanalizasiya sularının küçələrə axması və yolların bərbad vəziyyətdə olması ilə bağlı şikayətlərini rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabında bildiriblər.
AZXEBER.COM-a istinadən, sakinlər Mehdiabad–Kürdəxanı yolu üzərində, “Tosoy” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yaşıllıq zolağının məhv edildiyini iddia edir.
Onların sözlərinə görə, ərazidə ağaclar və yaşıllıq örtüyü kəsilərək yerində konteynerlər yerləşdirilir, müxtəlif obyektlərin tikintisi aparılır. Sakin ərazinin qanunsuz zəbt edilərək satıldığını da iddia edib. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını, yaşıllıqların məhv edilməsinə hüquqi qiymət verilməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını istəyib.
Həmçinin sakinlər Masazır qəsəbəsində, Əliağa Vahid küçəsindəki problemlərdən şikayət edib. Onlar bildirib ki, küçədə yolun təmirə ehtiyacı var, kanalizasiya suları uzun müddətdir əraziyə axır və antisanitar vəziyyət yaranıb.
Sakinlər qeyd edib ki, kanalizasiya sularının yaratdığı üfunət səbəbindən evdən çıxmaq və küçədən keçmək çətinləşib. Onlar həmçinin yol kənarındakı yaşıllıq sahəsinə diqqət ayrılmasını, qurumuş ağacların budanmasını və məişət tullantılarının yığışdırılmasını xahiş edib.
Vətəndaşlar qeyd olunan problemlərin həlli üçün Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edərək müvafiq tədbirlərin görülməsini istəyiblər.