“Xəstələr bilmir hara getsin, hara qaçsın” – Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Deputat Fazil Mustafa onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanmasını və özəl klinikaların imkanlarından daha geniş istifadə edilməsini təklif edib. O, maddi imkanı olmayan xəstələrin müalicəyə əlçatanlığının artırılmasının, dövlətin özəl tibb müəssisələrində müayinə və müalicə xərclərinin müəyyən hissəsini ödəməsinin vacibliyini vurğulayıb.

Deputatın fikirlərini Redaktor.az-a şərh edən biologiya elmləri doktoru, fitoterapevt Fuad Mahmudov bildirdi ki, o da bununla razıdır:

"Əlbəttə, bunun sığortaya daxil edilməsini dəstəkləyirəm. Nəinki onkologiya, bütün xəstəliklərin müalicəsi pulludur. Pulsuz heç nə yoxdur. Xüsusilə də onkologiya çox böyük vəsait tələb edir. Bəs bu niyə pullu olmalıdır ki? Dünyanın hər yerində bu, sığorta hesabına qarşılanır. Ən geridə qalmış ölkələrdə belə sığorta sistemi var. Bizdə isə yoxdur. Bizdə bunu illərdir tətbiq etməyə imkan vermirlər. Halbuki bütün xəstəliklər az və ya çox dərəcədə sığortaya daxil edilib, amma bu məsələni həll etmirlər. Bunu hər bir insan, hətta məktəbli uşaq da bilir ki, onkoloji xəstəliklərin müalicəsi sığorta hesabına qarşılanmalıdır. Bu, hər bir insana, hər bir Azərbaycan vətəndaşına faydalı olar. Camaat yazıq bilmir neyləsin, hara getsin, hara qaçsın. Bir tərəfdən ən əzizi, doğması ağır xəstədir, özü də onkoloji diaqnozla. Digər tərəfdən isə baxır ki, bunun üçün çox böyük məbləğdə pul lazımdır. Bunu necə qarşılamalıdır? Təbii ki, müalicə sığorta hesabına qarşılanarsa, hamı rahat nəfəs alar. Bu, illərdir həllini tapmayan bir məsələdir".