Bakı, 20 noyabr, AZƏRTACKənd təsərrüfatı ölkənin iqtisadiyyatında prioritet sahələrdən biridir və bu sahənin inkişafı növbəti illərdə ölkənin əsas prioritet istiqamətlərindən biridir.AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli konfrans çərçivəsində mətbuat nümayəndələrinə müsahibəsində deyib. “Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, yeni texnologiyaların meydana çıxması, eyni zamanda, qlobal iqlim dəyişmələri təsir edir. Biliyin, elmin kənd təsərrüfatı sahəsinə tətbiqi fermerlərin daha yüksək məhsul əldə edilməsinə, sahələrdən bol məhsul yetişdirilməsinə imkan verir. Yeni texnologiyalardan istifadə təcrübənin fermerlərə çatdırılmasında aqronom heyəti xüsusilə böyük əhəmiyyətli rol var. Ölkə üzrə bir sıra kənd təsərrüfatı bitkilərinin, xüsusilə də taxılçılıqda və pambıqçılıqda məhsuldarlığın artırılması əsas prioritetlər kimi müəyyən olunub. Bu istiqamətdə də artıq bir sıra islahatlar həyata keçirilməyə davam edir. Xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılmış, Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilmiş bir sıra subsidiya mexanizmləri kənd təsərrüfatının inkişafına töhfə verəcəyini düşünürük. Aqronomlar körpü rolunu oynayır və əsas məqsədlərdən biri informasiyanın, yeniliklərin onlara çatdırılmasıdır. Bu körpünün daha dayanıqlı olması və elmdən, təcrübədən biliklərin birbaşa sahəyə ötürülməsindən ibarətdir. Hər zaman fermerləri məlumatlandırmağa və onların sahələrdən daha yüksək məhsul əldə etməsinə, eləcə də gəlirlərinin artırılması istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.