Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyatdan dənizdə qazma işlərinə və yerli kadrların hazırlanmasına qədər müxtəlif sahələrdə iştirak edərək Vyetnamın neft-qaz sənayesinin formalaşmasında mühüm rol oynayıblar.
Bu barədə Trend-in Hanoydakı xüsusi müxbiri Ləman Zeynalova məlumat verib.
Onun sözlərinə görə, iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın tarixi 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə başlayıb.
"Azərbaycan neftçilərinin təcrübəsi ilə tanış olduqdan sonra Ho Şi Min Vyetnamın öz neft-qaz sənayesinin yaradılmasına kömək göstərilməsi üçün mütəxəssislərin ölkəyə göndərilməsini xahiş edib.
Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyat, dənizdə qazma və mühəndislik layihələrində iştirak edərək Vyetnamın neft-qaz sənayesinin gələcək inkişafının əsasını qoyublar.
1981-ci ildə Sovet-Vyetnam birgə müəssisəsi olan "Vietsovpetro"nun yaradılması mühüm mərhələ olub. Bu müəssisənin fəaliyyətində azərbaycanlı mütəxəssislər də iştirak ediblər.
Artıq 1986-cı ildə Vyetnamda "Ağ pələng" (Bạch Hổ) yatağında sənaye üsulu ilə neft hasilatına başlanılıb. Bu hadisə ölkənin neft sənayesinin inkişafında mühüm mərhələ olub", - deyə xüsusi müxbir bildirib.
Bundan əlavə, Azərbaycanın yardımı təhsil sahəsini də əhatə edib: "Minlərlə vyetnamlı mütəxəssis Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilikləri öz vətənlərində tətbiq edib".
Sonda jurnalist iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlığın bu gün də davam etdiyini vurğulayıb.
"Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın "PetroVietnam" şirkəti arasındakı əlaqələrdir.
Vyetnamın neft-qaz sənayesinin formalaşma tarixi azərbaycanlı mütəxəssislərin bu sahənin inkişafına verdiyi əhəmiyyətli töhfəni nümayiş etdirir", - deyə Ləman Zeynalova qeyd edib.