Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan və İraq türkmanlarını ortaq tarix, dil, etnik mənşə və zəngin mədəni irs birləşdirir. Bu bağlılığın tarixi mənbələr əsasında araşdırılması və elmi müstəvidə öyrənilməsi iki xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. O bildirib ki, sovet dövründə dərsliklərdə Azərbaycan ərazisində türklərin məskunlaşmasının yalnız Səlcuqların gəlişi ilə əlaqələndirilməsi barədə yanaşma mövcud olub. Lakin tarixi mənbələr bu ərazilərdə türk tayfalarının daha qədim dövrlərdən yaşadığını təsdiqləyir. Akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında bu məsələyə dair mühüm tarixi faktlar əksini tapıb. Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, Bizans mənbələrində IV əsrdən etibarən bu ərazilərdə türk tayfalarının mövcudluğu barədə məlumatlara rast gəlinir. Akademik qeyd edib ki, Azərbaycan və İraq türkmanları ortaq tarixi və etnik köklərə malikdirlər. Tarixin müxtəlif mərhələlərində siyasi proseslər nəticəsində türk xalqlarının yaşadığı ərazilər ayrı-ayrı dövlətlərin tərkibində qalsa da, onların ortaq mənşəyi və mədəni bağlılığı qorunub saxlanılıb. Alim Avropa ölkələrinin arxivlərindən topladığı tarixi xəritələrdə Bağdaddan Kərkükədək uzanan ərazilərdə “Türkman” adına rast gəlindiyini bildirərək, bunun bölgənin tarixi-etnik mənzərəsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Gövhər Baxşəliyeva Azərbaycan-İraq türkmanları arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, 1994-cü ildə onun təşəbbüsü ilə nümayəndə heyətinin İraqa səfər etməsi, habelə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi iki xalq arasında mədəni əlaqələrin inkişafında mühüm hadisə olub. Akademik 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əhəmiyyətinə də toxunub. O, qurultay iştirakçılarının böyük hissəsinin sonrakı illərdə Stalin repressiyalarının qurbanı olduğunu xatırladaraq, bu hadisələrin türkoloji elmin inkişafına ağır zərbə vurduğunu bildirib. Gövhər Baxşəliyeva vurğulayıb ki, Azərbaycanın müstəqillik əldə etməsi tarixi və mənəvi baxımdan yaxın xalqlarla əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradıb. AMEA və Şərqşünaslıq İnstitutu İraq türkmanları ilə elmi və mədəni əməkdaşlığın inkişafına, birgə tədqiqatların aparılmasına, milli elmi kadrların hazırlanmasına dəstək göstərməyə hazırdır. İndiyədək Azərbaycanda İraq və digər ərəb ölkələrindən olan tədqiqatçıların elmi hazırlığı istiqamətində mühüm təcrübə formalaşıb və bu imkanlar gələcək əməkdaşlığın genişləndirilməsi üçün də istifadə oluna bilər. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Nicat Haşımov