Lənkəranda dörd nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki kəndin 6 minə yaxın sakini elektrik enerjisiz qalıb.
Hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolda hərəkətsiz vəziyyətdə olan Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.
Daha sonra “Qazel” Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi VAZ-21099 markalı avtomobilə və marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus VAZ-2106 markalı avtomobilə çırpılıb. Bundan sonra yük avtomobili yol kənarındakı beton elektrik dirəyinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.
İlkin məlumata görə, qəzaya “Qazel” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.