Ukraynalı deputatların Azərbaycan səfərində əsas məqsədlər

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüb. Görüşdə Azərbaycan–Ukrayna münasibətləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə olunub.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna Parlamentlərarası İşçi Qrupunun sədri Əlibala Məhərrəmzadə bildirib ki, əsas məqsəd Azərbaycanda qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlərin həlli təcrübəsinin öyrənilməsi olub:

“Bizim bu sahədə mövcud olan təcrübəmiz, qaçqınlar və məcburi köçkünlərlə işin təşkili formatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, ümumiyyətlə qaçqınlara və məcburi köçkünlərə mənzil verilməsi prosesi maraq doğurub. Əvvəllər mənzillərin verilməsi zamanı hansı hüquqi mexanizmlərdən istifadə olunması, protokolların tətbiq edilməsi, mənzillərin hansı qaydada təqdim edilməsi, eləcə də hazırda köç prosesinin, Qarabağa "Böyük Qayıdış"ın necə təşkil olunması məsələlərinin öyrənilməsi və gələcəkdə bu təcrübənin Ukraynada tətbiqinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə etdik.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüş keçirilib. Eyni zamanda, bizim işçi qrupla da görüş olub. Biz də qanunvericilikdə mövcud olan mexanizmlər barədə məlumat verdik. Onlar da bizim təcrübəmizi öyrənərək Ukraynada tətbiq etmək imkanlarını araşdırıblar”.