Satıcı qüsurlu məhsulu dəyişməkdən imtina edirsə, nə edilməlidir?

İstehlakçının aldığı məhsulda yaranan nasazlığın səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza aparıla bilər. Lakin ekspertizanın nəticəsi ilə razılaşmayan vətəndaşın məsələni məhkəmədə mübahisələndirmək hüququ var.

Kredit.az-a istinadən, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı istehlakçı hüquqları ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhsulda nasazlıq yarandıqda ilk növbədə problemin səbəbi araşdırılmalıdır. Bunun üçün məhsul ekspertizaya təqdim edilir və qüsurun istehsal prosesindən, yoxsa istifadə qaydalarının pozulmasından qaynaqlandığı müəyyənləşdirilir.

Yusif Tapdıqlı nümunə olaraq mobil telefonları göstərib. Bildirib ki, vətəndaş telefonu müəyyən müddət istifadə etdikdən sonra onun dəyişdirilməsini tələb edə bilər. Lakin ekspertiza zamanı cihazın suya düşdüyü və nasazlığın məhz bu səbəbdən yarandığı müəyyən olunarsa, məhsulun zəmanət əsasında dəyişdirilməsindən imtina edilməsi əsaslı ola bilər.

Şöbə müdiri qeyd edib ki, bəzi hallarda istehlakçı satıcının təqdim etdiyi ekspertiza rəyi ilə razılaşmaya bilər. Hətta satıcının məhsulu dəyişdirməmək üçün həqiqəti əks etdirməyən rəy təqdim etməsi ilə bağlı şübhələr yarana bilər.

Belə vəziyyətdə vətəndaş öz hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər. Məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunaraq məhsulda yaranmış qüsurun əsl səbəbi araşdırıla bilər.

Ekspertizanın nəticəsindən asılı olaraq məhsulun dəyişdirilməsi və istehlakçının digər qanuni tələblərinin təmin olunması məsələsinə hüquqi qiymət verilə bilər.