Tramp, Putin və Si Szinpinin üçtərəfli görüşün yekununda qəbul etdiyi 4 bəndlik sülh bəyannaməsi “strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunması” məqsədi daşısa da, daha çox tərəflərin maraqlarını əks etdirir.
Birinci bənd: tərəflər BMT-nin qlobal çağırışlara effektiv cavab verə və beynəlxalq sülh missiyasını yerinə yetirə bilməsi üçün islahatların vacibliyini vurğulayır.
BMT-də islahat zərurəti “dişsiz təşkilata” çevrilməsi, xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin siyasi maraqları çərçivəsində fəaliyyətinə görə yaranıb. TŞ-nin daimi üzvlərinin sayının coğrafi təmsilçilik çərçivəsində genişləndirilməsi təklifləri var. Bu, TŞ-nin daimi üzvlərinin maraqlarına uyğun deyil, buna baxmayaraq, ABŞ, Çin və Rusiyanın şübhəli olan islahat çağırışı “ortaq məxrəcə gəlmək” cəhdi kimi görünür:
- ABŞ BMT-nin arxa plana keçirilməsini istəyir: Trampın “Sülh Şurası” buna hesablanmış addım idi;
- Rusiya daha çox Ukrayna müharibəsinə görə BMT-də üzləşdiyi təzyiqlər qarşısında islahatları dəstəkləyir və “coğrafi təmsilçiliyə” qərarverici mexanizmdə mövqeyini gücləndirmək imkanı olaraq baxır;
- Çin BMT mərkəzli nizamın qorunmasına çalışır;
Bu kontekstdə islahat çağırışı tərəflərin bunu dəstəkləməsindən çox, BMT ilə bağlı “ortaq razılaşma” hesab oluna bilər. Lakin praktikada islahatlara dəstək verəcəkləri ehtimalı zəifdir.
İkinci bənd: tərəflər bütün ölkələrin rifahı naminə neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır, həmçinin sabit enerji təchizatının vacibliyini təsdiqləyirlər.
Bu, Hörmüz boğazının bloklanması ilə enerji təchizatında yaranmış problem fonunda İrana qarşı ABŞ-ın maraqlarına uyğun olan qlobal çağırış hesab edilə bilər. Eyni zamanda, Rusiyanın enerji resurslarına qarşı sanksiyaların yumşaldılmasına zəminin hazırlandığı da istisna edilməməlidir. Enerji təchizatı Çin üçün də strateji məsələlər sırasındadır.
Bu baxımdan, ABŞ Rusiya ilə enerji əməkdaşlığının genişləndirməyi və Yaxın Şərqdə enerji təchizatına yaranmış problemlərə (Hörmüz məsələsi və Bab əl-Məndəb boğazındakı çətinliklər) qarşı addımları “bütün ölkələrin rifahı” arqumenti ilə legitimləşdirə bilər.
Üçüncü bənd: tərəflər dövlət vəzifəli şəxslərin toxunulmazlıqlarına hörmətin fundamental əhəmiyyət kəsb etdiyini qeyd edir, Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməli olduqları barədə razılığa gəlirlər.
Tramp və Si Szinpin bununla Beynəlxalq Cinayət Məhkəməsinin Putinə qarşı qərarlarının legitimliyini sual altına salır. Lakin məsələ təkcə Putini qorumaqdan ibarət deyil, çünki bu yanaşma beynəlxalq hüquqda cəzasızlıq mühitinin də dəstəkləməsi deməkdir və üç ölkə bununla faktiki olaraq, “güclünün haqlı” olduğu sistemi müdafiə edir. Ki, bu sistem hər üçününün siyasi ambisiyalarına uyğundur.
Dördüncü bənd: tərəflər nüvə məsələsində ortaq mövqedən çıxış edir: nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoqa girəcəklər.
ABŞ bundan İranın nüvə proqramına qarşı istifadə edə bilər. Eyni zamanda, Vaşinqton bunu Moskva ilə razılaşdırdığı yeni START müqaviləsinə Pekinin qoşulması imkanı kimi də dəyərləndirir. Nüvə başlıqlarının sayını artırmaq istəyən Çin isə “nüvə silahının yayılmasına qarşı” ortaq mövqe sərgiləməklə müqaviləyə qoşulmağı təxirə salır.
Üçtərəfli görüş və qəbul edilən bəyannamənin mətni Vaşinqton, Pekin və Moskvanın gələcək geosiyasi güc balansının bu üçbucaqda həll ediləcəyinin mesajıdır.