Alimlər kaktusdan elektrik enerjisi əldə etməyin yolunu tapıblar

ABŞ-nin Kaliforniya Universitetinin Santa-Kruz kampusunun alimləri opuntiya kaktusundan elektrik enerjisi əldə etməyin üsulunu hazırlayıblar. Bitkinin gövdəsi üzvi günəş paneli kimi fəaliyyət göstərərək az miqdarda elektrik istehsal edə bilir.

Tədqiqatın nəticələri “Plants, People, Planet” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar kaktusun suya qənaət edən xüsusi fotosintez mexanizmindən istifadə etməklə bitkidən kiçik həcmdə enerji toplamaq üsulunu hazırlayıblar.

Layihəyə Kaliforniya Universitetinin professoru Maykl Loyk və universitetin məzunu Çarli Çesni rəhbərlik ediblər. Onlar kaktusları qalınqabıqkimilər turşu metabolizmi (CAM) adlanan fotosintez mexanizmi vasitəsilə enerji istehsal edən qurğulara çeviriblər. Opuntiya ilə yanaşı, aloe, ananas və pitahaya kimi bitkilər də isti və quraq şəraitdə suyu qorumaq üçün bu mexanizmdən istifadə edir.

CAM bitkiləri digər bitkilərdən fərqli olaraq karbon qazını əsasən gecə udur və onu alma turşusuna çevirir. Bu zaman havanın daha sərin olması su itkisini azaldır. Günəş çıxdıqdan sonra işığın təsiri ilə turşu parçalanır və fotosintez prosesi davam edir.

CAM bitkilərinin qalın və işığı keçirməyən gövdələrində fotosintez yalnız hər iki tərəfin xarici təxminən iki millimetrlik qatında baş verir. Nəticədə bitkinin günəşə baxan və kölgədə qalan tərəfləri arasında turşuluq fərqi yaranır. Bu fərq pH konsentrasiyası qradiyenti formalaşdırır və elektrik gərginliyi yaradır. Alimlər də məhz bu gərginliyi toplayırlar.

Tədqiqat zamanı kaktusdan əldə edilən elektrik gərginliyinin 0,5 volta qədər çatdığı müəyyən edilib. Enerji bitkiyə yerləşdirilən naqil-elektrod vasitəsilə toplanır. Səkkiz gövdə birləşdirildikdə isə 4,5 volt elektrik əldə etmək mümkün olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici üç AA batareyasının yaratdığı gərginliyə bərabərdir.

Alimlər bu texnologiyanın kənd təsərrüfatında az enerji sərf edən sensorların işlədilməsi üçün istifadə oluna biləcəyini düşünürlər. Opuntiyanın digər bitkilərin yaxınlığında əkilməsi fermerlərə sensorları enerji ilə təmin edən bərpaolunan mənbə qazandıra bilər.

Bundan başqa, əldə edilən elektrik gərginliyi kaktusun özünün vəziyyətini izləməyə də imkan verə bilər. Gərginliyin yaranma vaxtı və səviyyəsi fotosintez prosesini əks etdirdiyindən, bitkinin və ətraf mühitin vəziyyəti barədə məlumat verə bilər.

Qeyd edək ki, daha əvvəl alimlər Yer kürəsində hətta kaktusların da yox olmağa başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.