İsti hava dalğaları hamilə qadınların və bətnindəki körpələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Araşdırmalar yüksək temperaturun düşük, dölün inkişaf qüsurları, ölü doğuş və vaxtından əvvəl doğuş riskini artırdığını göstərir.
"Reuters"ə istinadən, müxtəlif ölkələrdə aparılan elmi tədqiqatlara əsasən, havanın temperaturunun hər 1 dərəcə artması vaxtından əvvəl doğuş ehtimalını 4 faiz yüksəldir. İsti hava dalğasından sonrakı həftədə isə bu risk 26 faizə çatır.
Meksikada 2008-2025-ci illər ərzində 8 milyondan çox doğuşun təhlili də yüksək temperaturun təsirini ortaya qoyub. Araşdırmaya görə, doğuşdan əvvəlki son dörd həftədə isti hava dalğaları baş verdikdə vaxtından əvvəl doğuşların sayı orta hesabla 6,5 faiz artır. Güclü istilərə məruz qalma zamanı bu göstərici 18 faizə yüksəlir.
Tədqiqatlar yüksək temperaturun hamilə qadınlarda arterial təzyiqin yüksəlməsi və preeklampsiya riskini də artırdığını göstərir. Bu vəziyyət böyrək çatışmazlığı, infarkt və insult kimi ağırlaşmalara səbəb ola bilər.
Mütəxəssislər hamilə qadınlara isti havalarda günəş altında uzun müddət qalmamağı, kifayət qədər su içməyi, sərin məkanlarda olmağı və fiziki yüklənməni azaltmağı tövsiyə edirlər. Onlar həmçinin hamiləlik dövründə yüksək temperaturun təsirinin nəzərə alınmasının vacibliyini vurğulayırlar.