London, 19 noyabr, AZƏRTAC Böyük Britaniyanın Nortamberlend qraflığında arxeologiya ixtisası üzrə birinci kurs tələbələri ilk qazıntı işləri zamanı Roma imperiyası dövrünə aid qiymətli əşyalardan ibarət xəzinə aşkar ediblər.AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Nyukasl Universitetinin arxeoloqlarının sözlərinə görə, bu ilin əvvəlində aşkarlanan tapıntıların sayı və keyfiyyəti hətta təcrübəli tədqiqatçıları təəccübləndirib.Tapıntılar arasında diqqətçəkən əşyalardan biri təxminən 7 santimetr uzunluğunda qızıl zəncir parçasıdır. Tədqiqatçıların sözlərinə görə, zəncir o qədər yaxşı qorunub saxlanılıb ki, bütöv vəziyyətdə olsaydı, bu gün də zinət əşyası kimi istifadə edilə bilərdi. Mütəxəssislərin fikrincə, zəncir Roma zərgərlik sənətinə xas olan mürəkkəb halqa içərisində halqa texnikası ilə hazırlanıb. Onun ayrı-ayrı halqaları səkkiz rəqəmi formasına salınaraq bir-birinə keçirilib. Arxeoloqlar hesab edirlər ki, bu tapıntılar Roma imperiyasının ən şimal sərhədlərində yaşayan insanların gündəlik həyatı və sənətkarlıq ənənələri haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London