Helsinkidə Finlandiya–Azərbaycan tarixi əlaqələrinə həsr olunan sərgi keçirilib (FOTO)

Finlandiyanın paytaxtı Helsinkidə Helsinki Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “1870–1920-ci illərdə Cənubi Qafqazda Şimali Avropa mühacirlərinin gündəlik həyatı” (“Everyday Life of the Nordic Expatriates in South Caucasus, 1870s–1920s”) adlı sərgi və elmi müzakirə keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Keçmişdən gələcəyə körpü: Nobel ailəsinin Finlandiya və Azərbaycandakı arxiv və muzey kolleksiyaları” (“Bridge from the Past to the Future: The Nobels’ Archival and Museum Collections in Finland and Azerbaijan”) layihəsi çərçivəsində təşkil olunan tədbir Finlandiya ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələrin, Nobel qardaşlarının Azərbaycan irsinin və Şimali Avropa mühacirlərinin Cənubi Qafqazdakı həyatının araşdırılmasına həsr olunub.

Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova Finlandiyada Azərbaycan mədəniyyətinin tanıdılması və diaspor fəaliyyətləri barədə məlumat verib, layihənin iki ölkənin ortaq irsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Helsinki Universitetinin Aleksanteri İnstitutunun tədqiqatçısı Dmitri Frolov XIX əsrin sonu – XX əsrin əvvəllərində Cənubi Qafqazda fəaliyyət göstərən Şimali Avropa mühacirlərinin həyatından, onların sənaye və iqtisadiyyatın inkişafındakı rolundan danışıb. O, Nobel qardaşlarının rəhbərlik etdiyi Branobel şirkətinin fəaliyyətinə, işçilər və ailələri üçün yaradılan yaşayış şəraitinə, sosial təminat imkanlarına toxunub. Həmçinin 2026-cı ildə Finlandiya və İsveçdən olan mühacirlərin Nobel qardaşlarının fəaliyyəti ilə əlaqədar Azərbaycana gəlişinin 150 illiyinin qeyd olunduğu diqqətə çatdırılıb.

Azərbaycan Milli Tarix Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov muzeyin foto kolleksiyası haqqında təqdimatla çıxış edib. O, fondda 15 mindən çox fotoşəklin qorunduğunu bildirərək Bakı şəhərinin, neft sənayesinin, Nobel şirkətinin və Villa Petroleianın tarixini əks etdirən foto materialların elmi əhəmiyyətindən danışıb.

Tədbirdə Olga Korkka Nobel ailəsinin mədəni irsi və məşhur Faberje (Fabergé) yumurtaları, Finlandiyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə səyyar səfiri Kirsti Narinen isə Finlandiya mühacirət tarixinin araşdırılması və iki ölkə arasında elmi-mədəni əməkdaşlığın inkişafı barədə çıxış ediblər.

Helsinki Universitetinin professoru Markku Kangaspuro sərginin Finlandiya və Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayaraq onun daha geniş auditoriyaya təqdim olunmasının vacibliyini bildirib.

Sərgidə Nobel qardaşları və Siemens kimi şirkətlərin fəaliyyəti, Şimali Avropa mühacirlərinin Bakı və Tbilisidəki gündəlik həyatı, təhsil, səhiyyə və sosial münasibətlərlə bağlı Azərbaycan, Gürcüstan, Finlandiya, İsveç və Almaniya arxivlərindən əldə edilən sənədlər və fotoşəkillər nümayiş etdirilib.

Tədbirdə Finlandiya ordenlərinin kansleri, texnika doktoru Jussi Nuorteva, Finlandiya və Türkiyə səfirliklərinin nümayəndələri, Helsinki Universitetinin alimləri, Azərbaycan diasporunun təmsilçiləri, tarixçi və jurnalist Toni Viljanmaa və digər qonaqlar iştirak ediblər.