Toyu zəhərə çevirən restoranlar - yoxlamalar çarədirmi?…

Ekspert: "Qida Təhlükəsizliyi Agentliyi daha yaxşı nəticələr əldə etmək, zəhərlənmə hallarını azaltmaq istəyirsə..."

Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, "Manisa", "Meridian Luks", "Mirana", "Vegas City Hall" və "Sarı Gəlin" şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Qeyd edək ki, şadlıq saraylarında ət və digər qidaların keyfiyyəti həmişə qonaqları narahat edən problemdir. İndiyə qədər 47 şadlıq evində tələblərin pozulmasının aşkarlanması ciddi şəkildə həyəcan təbili çalmağa əsas verir.

Yoxlamalarla yanaşı əlavə nəzarət mexanizminə zərurət olduğu üzə çıxır. Üstəlik, bu restoranlara etimad itir. O zaman daha hansı preventiv addımlara ehtiyac var ki, toy sahibləri də, qonaqlar da menyunun tərkibindən narahat olmasınlar?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri qanuna dəyişiklik edilməyib. O qanunda da biznesin inkişafı siyasəti ön plana çəkilib və biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb. Nə qədər ki, qanunlar zəif olacaq, şadlıq saraylarında bu hallar davam edəcək.Lakin burada təkcə qanunların zəifliyi deyil, tələb və təklif arasındakı uyğunsuzluq məsələsi də var. Belə ki, şadlıq saraylarında toy keçirmək üçün dörd-beş ay əvvəldən yer rezervasiya etmək lazımdır. Tələb təklifi üstələyəndə bazar qanunlarına görə mütləq keyfiyyətsiz xidmət və yüksək qiymətlər meydana çıxır".

Eyyub Hüseynov yoxlama mexanizmlərinin də problemlərin aradan qaldırılmasına mane olduğunu deyib. Onun sözlərinə görə, yoxlama aparan dövlət orqanları qarşı tərəfə əvvəlcədən xəbər verməyə məcburdurlar: "Yoxlama aparan dövlət orqanlarının da, əli-qolu bağlıdır. Əgər yoxlamaya gedirlərsə, qarşı tərəfə mütləq əvvəlcədən xəbər verməlidirlər: hansı tarixdə yoxlamaya gələcəklərini, nəyi yoxlayacaqlarını və sair. Hələ belə bir vəziyyətdə bu qədər nöqsan üzə çıxırsa, deməli, nöqsanların miqyası daha genişdir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları işdən gedəndən sonra toylar başlayır. Məsələ burasındadır ki, son zamanlar toy sahiblərinin özləri də Azad İstehlakçılar Birliyinə narazılıqlarını bildirirlər. Məsələn, dünən mənə zəng edən bir toy sahibi bildirdi ki, oğlunun toyunda bahalı içkilər təqdim etmək istəyib. Lakin şadlıq sarayının rəhbərliyi onunla mübahisə edərək öz içkilərini gətirməsinə icazə verməyib. Halbuki həmin içkilərin təhlükəsizliyi təmin olunmuşdu. Toy sahibi deyir ki, mübahisə zamanı ona bildiriblər: “Onsuz da sən çıxılmaz vəziyyətdəsən, dəvətnamələri paylamısan, geri çəkilə bilməyəcəksən, mən deyəni edəcəksən”.Çox çətinliklə də olsa, içkiləri gətirə bilib. Lakin hər içki üçün müəyyən məbləğ ödəməsi şərti ilə həmin içkilərin masaların üzərinə qoyulmasına icazə verilib. Toy sahibi onu da bildirir ki, başqa şadlıq saraylarında da vəziyyət belədir. Yeni bir qayda yaranıb: içkiləri masaların üzərinə qoymurlar, özləri aparıb süzüb gətirirlər.Burada içki içənlərin qədəhlərinin səhv salınması, bir-birinə xəstəlik ötürməsi və sair kimi risklər yaranır. Guya bu yolla içkiyə qənaət etmək istəyirlər. Başa düşülməyən çoxlu məqamlar var.Tələb təklifi üstələdiyi üçün şadlıq sarayları daha çox istehlakçıların üzərinə gedir və daha qəribə üsullara əl atırlar. Məsələn, sifariş verən şəxs plovun birinci gətirilməsini istəsə belə, düşünmürəm ki, buna nail ola bilsin. Bu, demək olar ki, mümkün deyil. Onlar öz alqoritmləri ilə işləyirlər. Bu alqoritm isə yalnız insanların oradan tez çıxıb getməsinə hesablanıb. Musiqi, temperatur, akustika – hər şey insanların məkanı tez tərk etməsinə yönəlib.Məsələn, toyxananın tavanını bəzəmək üçün ayrıca pul alırlar, fotoqraf üçün ayrıca ödəniş tələb olunur. İstehlakçılardan saysız-hesabsız xidmətlərə görə pul alınır. Nəticələr isə göstərir ki, ümumiyyətlə, külli miqdarda pul ödənilməsinə baxmayaraq, istehlakçılara kassa çeki də verilmir. Bu da ciddi problemlərdən biri olaraq qalır.Belə bir vəziyyətdə keyfiyyətsiz ətin və digər məhsulların təqdim edilməsi, əlbəttə ki, qaçılmaz olur".

Qurum sədri problemin həlli yollarından biri kimi alternativ toy formatlarının yaradılmasını təklif edir. O, müasir çadır toylarının təşkilini, həmin məkanlarda sanitar qovşaqların və digər zəruri şəraitin təmin edilməsini vacib sayır:"Müasir çadır toyları təşkil olunmalıdır. Orada sanitar qovşaqlar olmalıdır və digər zəruri şərait yaradılmalıdır. İnsanlar rahat çadır toylarında özlərini daha komfortlu hiss edə bilərlər. Beləliklə, toy biznesinin bu qəribə formasına, insanların qəfil və ya tədricən zəhərlənməsi hallarına bəlkə də son qoymaq mümkün olar. Nə qədər ki alternativlər yoxdur və insanlar bu cür toy mərasimlərinə meyillidirlər, bu əcaib vəziyyətə düşmüş biznes davam edəcək. Qida Təhlükəsizliyi Agentliyi daha yaxşı nəticələr əldə etmək, zəhərlənmə hallarını azaltmaq istəyirsə, buyursun, istehlakçılarla sıx əlaqədə işləsin, onları öz könüllülərinə çevirsin, media ilə əməkdaşlığı gücləndirsin ki, məlumatlar vaxtında Agentliyə çatdırılsın.Eyni zamanda, dövlətin qanunvericiliyinə dəyişiklik edilməli, qəfil yoxlamalar bərpa olunmalıdır. Nə qədər ki qəfil yoxlamalar bərpa edilməyəcək, bu cür əcaib hallar, zəhərlənmələr, həm qəfil, həm də tədricən baş verən zəhərlənmə halları davam edəcək".