Əmək münasibətləri ilə bağlı məsələlərin ƏMAS (“Əmək və Məşğulluq” altsistemi) üzərindən rəsmiləşdirilməsi nəzarət orqanı üçün kifayət qədər məlumat bazası yaradır. Biz həmin məlumat bazasından istifadə edərək bir sıra uyğunsuzluqları aşkar edə bilirik.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” adlı panel sessiyada çıxış edərkən deyib.
“Məqsədimiz işəgötürəni cərimələmək deyil. Biz ƏMAS-dan preventiv bir alət kimi istifadəyə başladıq. Yəni artıq əmək müqaviləsi hətta bağlanan anda bir sıra pozuntular ola bilər ki, onun qarşısını ƏMAS alır. Məsələn, 18 yaşına qədər olan şəxslərin iş saatları Əmək Məcəlləsində müəyyən edilmiş iş saatlarından çox müəyyən edilə bilməz. ƏMAS buna məhdudiyyət qoyur. Yaxud bu gün siz hər hansı bir əmək müqaviləsini tam iş vaxtı ilə və yaxud qısaldılmış iş vaxtı ilə 200 manatdan aşağı yaza bilməyəcəksiniz. Çünki ƏMAS sizə bir bildiriş göndərəcək ki, xeyr, ölkə üzrə minimum əməkhaqqı bu deyil. Bütün bunlar bir daha onun göstəricisidir ki, məqsədimiz işəgötürəni cərimələmək demək deyil. Baxmayaraq ki, əmək müqaviləsində olan məlumatlar əgər pozuntularla rəsmiləşsə, biz elektron nəzarətlə cərimələri tətbiq edə bilərik”, – deyə rəis müavini vurğulayıb.