İSB rəhbəri gələcəyin əmək bazarında insanı fərqləndirəcək bacarıqları açıqlayıb

Biz dar intellektdən ümumi intellektə keçid ərəfəsindəyik. Hazırda bu proses də yeni tələblər yaradır. Artıq peşə bilikləri, təcrübələr davamlı şəkildə dəyişməli olur.

Bunu İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Vüsal Məsiyev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda "Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər" adlı panel sessiyada çıxış edərkən deyib.

"Gələcəkdə peşə, biznes bilikləri kifayət etməyəcək. Biznes bilikləri olmalıdır, amma onun adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir. Artıq mütləq şəkildə süni intellekt alətlərindən istifadə edərək öz arqumentlərimizi daha da genişləndirməliyik. Süni intellekt alətlərində arqumentlərin sayı çoxalır və daha təkmil qərar vermək bacarığı yaranır. Əsas məsələlərdən biri isə heç vaxt süni intellektin önünə keçə bilməyəcəyi insan xarakteri ilə bağlıdır. Liderlik, emosional intellekt, qərarvermə, məsuliyyət kimi məsələlər yenə də insanın səlahiyyətində qalacaq", - deyə icraçı direktor qeyd edib.