Kiyev, 19 noyabr, AZƏRTAC Ukrayna və Azərbaycanı qarşılıqlı hörmət, xalqlarımız arasında dostluq münasibətləri və beynəlxalq hüququn prinsiplərinə ümumi sadiqlik birləşdirir.AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə deyib.“Biz parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə etdik. Ölkələrimiz arasında bütün səviyyələrdə, xüsusilə parlamentlərarası müstəvidə fəal dialoqu yüksək qiymətləndirirəm. Milli Məclisin sədri Sahibə Qafarova ilə daim əlaqə saxlayırıq və əməkdaşlığımızı daha da dərinləşdirməkdə maraqlıyıq. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin enerji sistemimizin dəstəklənməsi üçün göstərdiyi mühüm humanitar yardıma görə Azərbaycana təşəkkür etdim”, – deyə Ali Radanın sədri qeyd edib.“Əminəm ki, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn prinsipləri əsasında Kiyev və Bakı arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Ruslan Stefançuk əlavə edib.Öz növbəsində, S.Mərdəliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə münasibətdə dəyişməz mövqeyini, humanitar dəstəyi davam etdirmək və bu ölkənin bərpasına kömək göstərmək niyyətində olduğunu bir daha təsdiqləyib. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kiyev