Naxçıvan, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da Ali Məclis komitələrinin birgə iclasında “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi birinci oxunuşda təqdim edilib.Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ali Məclisin sədr müavini Arzu Abdullayev iclası açaraq 2027-ci il büdcə layihəsinin muxtar respublikanın davamlı inkişafına, əhali rifahının yüksəldilməsinə xidmət etdiyini bildirib. Büdcənin hərtərəfli və əsaslandırılmış şəkildə hazırlanmasının, nəzərdə tutulan gəlir və xərc göstəricilərinin əhəmiyyəti vurğulanıb.Arzu Abdullayev çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün bölgələrimiz kimi Naxçıvan Muxtar Respublikasına da göstərdiyi diqqət və qayğıdan, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən bəhs edib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 11-də Naxçıvana səfərinin muxtar respublikanın gələcək inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.İclasda İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov 2027-ci ilin büdcə layihəsi ilə bağlı məlumatı təqdim edib. Komitə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat, xərclərinin 510 milyon manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, 2027-ci il üzrə Naxçıvan Muxtar Respublikasının büdcə layihəsinin struktur təhlili göstərir ki, gəlir mənbələri 2026-cı ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə 5 milyon 605 min 824 manat və ya 1,8 faiz artımla proqnozlaşdırılıb. Qeyd olunan müsbət dinamika, xüsusilə də həyata keçirilən tədbirlər nəticəsində mərkəzləşdirilmiş xərclərdən ayrılan dotasiyanın həcminin azalması da müsbət tendensiyadır. Dotasiyanın azalması yerli gəlir bazasının genişləndirilməsinin və regionun maliyyə dayanıqlılığının artmasının bariz göstəricisidir.Sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə ətraflı məlumat veriblər.Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli isə büdcə layihəsinə dair Palatanın rəyini təqdim edib.Ardınca Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev, Sosial siyasət komitəsinin sədri Zeynəb Quliyeva, Humanitar siyasət komitəsinin sədri Canməmməd Canməmmədov məsələ ilə bağlı çıxış ediblər. Çıxışlarda 2027-ci il büdcəsinin prioritetləri, iqtisadi dayanıqlılıq, sosial rifahın yüksəldilməsi və büdcə vəsaitlərindən səmərəli istifadə məsələlərindən bəhs olunub.Sosial-iqtisadi və humanitar sahələrin inkişafına yönələn büdcə prioritetləri müsbət qiymətləndirilib və büdcə layihəsi dəstəklənib.Müzakirələrdə deputatlardan Azad Novruzov, Vüsal Məmmədzadə, Ramiz Məmmədov, Əziz Qasımov, Asəf Orucov, Mahir İsmayılov və Şəhla Əhmədova çıxış edərək məsələ ilə bağlı fikirlərini bildirib, bəzi qeyd və suallarını səsləndiriblər.Maliyyə naziri Həsən İsmayılov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirib.Sonda Ali Məclis komitələrinin birgə rəyi oxunub, qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Ali Məclisin növbəti iclasının müzakirəsinə təqdim edilib. Müxbir - Nail Əsgərov