Bakı, 19 noyabr, AZƏRTACSüni intellekt təkcə tarixi sənədlərin təhlili deyil, xalqların mənşəyinin, miqrasiya proseslərinin və mədəni irsinin öyrənilməsi üçün də yeni imkanlar yaradır. Bu texnologiyaların elmi tədqiqatlarda tətbiqi ilə yanaşı, əldə olunan məlumatların etibarlılığının yoxlanılması və tarixi biliklərin rəqəmsal mühitdə qorunması da xüsusi əhəmiyyət daşıyır.Azərbaycanda tarixi və etnoloji araşdırmalarda süni intellektdən istifadə hansı imkanlar yaradır? Bu sahədə hansı elmi metodlar işlənib hazırlanır və tarixi irsin rəqəmsallaşdırılması istiqamətində hansı işlər görülür?Bu və digər sualları tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri Nigar Camalova AZƏRTAC-ın müxbirinə müsahibəsində cavablandırıb.- Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi hansı yeni elmi yanaşmaların formalaşmasına imkan verir?- Süni intellekt alətlərinin üstünlüklərindən biri böyük məlumat bazalarını qısa müddətdə təhlil etmək imkanına malik olmasıdır. Ənənəvi tədqiqatlarda tarixçilər arxiv sənədlərini özləri araşdırır, müqayisələr aparır və nəticələrə gəlirlər. Sənədlərin sayı çox olduqda bəzi məlumatlar diqqətdən kənarda qala bilər. Süni intellekt isə belə məlumatların müəyyənləşdirilməsinə kömək edə bilər.Bu alətlər vasitəsilə əlyazmaların və arxiv sənədlərinin oxunması, tərcüməsi də mümkündür. Bu, xüsusilə çətin oxunan və ya başqa dillərdə olan mənbələrin araşdırılmasını asanlaşdırır.Bununla yanaşı, süni intellektin təqdim etdiyi nəticələr mütləq mütəxəssis tərəfindən yoxlanılmalıdır. Çünki bu texnologiya hadisələri insan kimi şüurlu şəkildə təhlil etmir və yanlış məlumat təqdim edə bilər.- Bu istiqamətdə apardığınız tədqiqatlar çərçivəsində konkret hansı elmi metod və yanaşmalar təklif olunub?- “Azərbaycan tarixi və etnologiyasında süni intellekt alətlərinin tətbiqi problemləri” adlı məruzəmdə süni intellektin tarixi-etnoloji tədqiqatlarda tətbiqi istiqamətlərini müəyyənləşdirmiş və süni intellektəsaslı yeddi mərhələli araşdırma metodu təklif etmişəm.Digər tədqiqatımda isə süni intellekt alətlərinin tarixşünaslıq mətnlərinin təhlilində imkanlarını araşdırmışam. “Azərbaycan tarixşünaslıq mətnlərinin süni intellektəsaslı təhlili: “Azərbaycan Tarixşünaslığı” jurnalının materialları əsasında” adlı məruzəmdə müəyyən etmişəm ki, hazırkı süni intellekt alətləri internet səhifəsindəki məlumatları təhlil etsə də, həmin səhifənin daxilindəki digər keçidlərdə yerləşən materialları nəzərə almaya bilər. Bu isə məlumatların səthi qiymətləndirilməsi və uydurma məlumat riskinin artması ilə nəticələnir.Digər tərəfdən, “Rəqəmsal yaddaşın müdafiəsi: Süni intellekt mühitində Azərbaycan tarixi” adlı elmi işimdə Azərbaycan tarixi haqqında məlumatların süni intellekt mühitində düzgünlüyünün qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də süni intellekt hallüsinasiyalarının qarşısının alınması üçün həll mexanizmini təklif etmişəm. - Süni intellekt və böyük verilənlərin təhlili etnoloji tədqiqatlarda, xüsusilə xalqların mənşəyinin və miqrasiya tarixinin öyrənilməsində hansı imkanlar yaradır?- Süni intellekt alətləri böyük verilənlər bazasını təhlil edərək xalqların miqrasiya tarixini, köç yollarını və yayılma areallarını xəritələşdirə bilir. Həmçinin müxtəlif xalqların məişət və mədəniyyət xüsusiyyətlərini müqayisə etməyə, onlar arasındakı münasibətlərin xarakterini və yaxınlıq dərəcəsini araşdırmağa imkan yaradır.Məsələn, DNT analizləri insanların qədim mənşəyi ilə bağlı məlumatların əldə edilməsinə kömək edir. Süni intellekt isə bu və digər məlumatların təhlili, sistemləşdirilməsi və vizuallaşdırılması üçün əlavə imkanlar yaradır.Bundan başqa, maddi mədəniyyət nümunələrinin təhlili vasitəsilə əşyaların müxtəlif xalqların həyatındakı rolunu və üzərindəki simvolların mənasını araşdırmaq mümkündür. Bununla belə, süni intellektin təqdim etdiyi ilkin məlumatların etibarlı mənbələrlə dəqiqləşdirilməsi vacibdir.- Azərbaycanda tarixi və etnoloji tədqiqatların rəqəmsallaşdırılması istiqamətində hansı işlər görülür?- Azərbaycanda rəqəmsallaşma və süni intellektin inkişafı ilə bağlı bir sıra strateji sənədlər qəbul edilib. Bu istiqamətdə görülən işlər çərçivəsində AMEA-nın elmi müəssisələrində də müvafiq struktur bölmələr yaradılıb.2026-cı il yanvarın 16-da institutumuzda Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsi yaradılıb. Şöbənin əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib, bu sahədə tədqiqatlar aparılır və elmi tədbirlər təşkil olunur.İnstitutda elmi işlərin elektronlaşması həyata keçirilir. “Azərbaycan tarixşünaslığı” jurnalının internet səhifəsi yaradılıb, nəşrin əvvəlki nömrələri elektron arxivləşdirilib. İnstitutun internet səhifəsində elmi nəşrlərin və monoqrafiyaların elektron versiyaları yerləşdirilib.Hər il aparılan etnoqrafik çöl tədqiqatlarının nəticələri də elektronlaşdırılır, məqalə və elmi nəşrlər şəklində ictimaiyyətə təqdim olunur. Eyni zamanda, çap edilmiş elmi əsərlərin “Google Scholar”, “ORCID”, “ResearchGate və Web of Science” kimi elmmetrik bazalara inteqrasiyası istiqamətində işlər davam etdirilir.Qeyd edək ki, Azərbaycanda arxiv sənədlərinin tam elektronlaşdırılması hələ başa çatmayıb. Bu istiqamətdə işlər digər müəssisələrdə, o cümlədən arxiv və kitabxanalarda da davam etdirilir. Müəllif - Lalə Minasazova