Azərbaycanda istehlakçı müraciətlərinin sayı 10 ayda 31 faiz artıb

Azərbaycanda 2026-cı ilin ilk 10 ayında istehlakçı müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 9 260-a çatıb.

Bunu "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" mövzusunda keçirilən media təlimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.

O bildirib ki, Agentliyin təqdim etdiyi statistikaya əsasən, 2025-ci ilin ilk 10 ayı ərzində 7 053 istehlakçı müraciəti daxil olub. Onlardan 6 390-ı yeni müraciət, 663-ü isə əvvəlki ildən qalan müraciətlər olub.

Həmin dövrdə istehlakçı müraciətləri əsasında 301 792,1 manat vəsait geri qaytarılıb. Təmin edilən müraciətlərin sayı 2 105 olub. Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 5 032, aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 1 560, növbəti aylarda icrası davam etdirilən müraciətlərin sayı isə 461 təşkil edib. Həmçinin 51 protokol tərtib olunub.

Yusif Tapdıqlının sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında daxil olan müraciətlərin sayı 9 260-a yüksəlib. Onlardan 8 766-sı yeni, 494-ü isə əvvəlki ildən qalan müraciətlərdir.

Bu ilin müvafiq dövründə istehlakçılara qaytarılan vəsaitin məbləği 314 997,5 manat olub. Təmin edilən müraciətlərin sayı 2 399-a çatıb.

Agentlikdə baxılması yekunlaşan müraciətlərin sayı 6 080, aidiyyəti orqanlara göndərilən müraciətlərin sayı 2 312, icrası növbəti aylarda davam etdirilən müraciətlərin sayı isə 868 olub. Hesabat dövründə 41 protokol tərtib edilib.